DEPUTATLARIMIZ AŞPA-NIN PAYIZ SESSİYASINDA FƏALLIQ GÖSTƏRİRLƏR
Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə müzakirələrdəki çıxışında miqrasiyanı bəşəriyyətin köhnə problemlərindən biri kimi qiymətləndirmiş, ölkəmizin də bu problemin müxtəlif tərəfləri ilə üzləşdiyini bildirmişdir. O demişdir ki, həm Azərbaycandan, həm də Azərbaycana miqrasiya vardır. İqtisadiyyatımızda müəyyən problemlərlə əlaqədar ölkəmizdə əmək miqrasiyası mövcuddur. Respublikamızda müxtəlif sahələrdə 100 minə qədər xarici mütəxəssis çalışır. Azərbaycanda hətta müharibə vəziyyətində olduğumuz Ermənistanın siyasi rejimi ilə razılaşmayaraq, sığınacaq axtaran erməni əsilli mühacirlər də vardır. Təhlil göstərir ki, Ermənistandan qaçaraq, Azərbaycanda qalmaq istəyən erməni mühacirlərin sayı olduqca çoxdur.
Son dövrlərdə Azərbaycandan Avropa ölkələrinə miqrasiya artır. Bunların böyük əksəriyyəti Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın-köçkün düşmüş şəxslərdir. Ərazimizin 20 faizi işğal edilmiş və əhalinin 15 faizi məcburi köçkün vəziyyətinə düşmüşdür. Müharibə vəziyyətində olan ölkəmizin onların bütün problemlərinin həllində imkanları bir qədər məhduddur. Ona görə də bu insanların bir hissəsi vəziyyətdən çıxış yolunu məcburi miqrasiyada görür. Əgər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası vaxtında Ermənistanın işğalçı siyasətinə kəskin qiymət versəydi, bu axın çox-çox az olardı.
Sessiyada əsasən 1970-ci illərdə baş vermiş münaqişə zamanı itkin düşmüş yunan və türklərin, XX əsrin sonlarında isə qismən çeçen itkinlərinin taleyi İlə bağlı kiprli deputat Xristos Purqudiqesin hazırladığı məruzə geniş müzakirələrə səbəb olmuşdur.
Müzakirələr zamanı Milli Məclisin deputatı Gültəkin Hacıyeva bildirmişdir ki, itkin düşmüş insanların problemi nəzərdən keçirilərkən, onların qohumlarının da münaqişələrin ayrıca qurbanları kimi göstərilməsi çox vacibdir. Çünki bu insanlar itkin düşmüş yaxınları barədə hər hansı məlumatı ala bilmədiklərinə görə, onların həqiqəti bilmək hüquqları tapdanmış olur.
Deputat demişdir ki, Azərbaycanda itkin düşmüş və girov götürülmüş insanların problemi digər Avropa ölkələrindən daha kəskindir. Belə ki, Ermənistan işğalı nəticəsində ərazilərdən 5 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Bu insanlar arasında uşaqlar, qadınlar və qocalar vardır. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının 2005-ci il 16 iyul tarixli məlumatına görə, hazırda 4809 nəfər itkin düşmüş sayılır. Onların 54-ü uşaq, 320-si qadın və 408 nəfəri isə qocalardır. Əsirlikdə olan yüzlərlə həmvətənimizə qarşı amansızcasına işgəncələr verilir. Təəssüf ki, belə bir fakt bu günə qədər Avropa Şurasının və beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmış və yetərincə qiymətini almamışdır.
Azərbaycanlı deputat bu məsələ ilə əlaqədar ayrıca sənəd hazırladığını və müzakirə mövzusuna çevrilməsi üçün AŞPA-nın bürosuna təqdim etdiyini bildirərək demişdir ki, büro sənədi hüquqi məsələlər və insan hüquqları komitəsinə göndərməli olduğu halda, onu komitəyə yalnız informasiya xarakterli sənəd kimi tanış olmaq üçün təqdim etmişdir.
G.Hacıyeva çıxışında büronun bu mövqeyini başa düşmədiyini qeyd etmiş və insan hüquqlarını özünün əsas prinsipi elan etmiş Avropa Şurasının əsir düşmüş və yaxud girov götürülmüş 5 minə yaxın insanın taleyinə biganəlik göstərməsindən təəssüfləndiyini vurğulamışdır. O bildirmişdir ki, Avropa Şurası bu məsələyə daha həssas yanaşmalıdır. Çünki bu, insan amilidir, insan hüquqları məsələsidir.
Sessiyada Moldovanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə də dinlənilmişdir. Məruzə ətrafında müzakirələrdə çıxış edən deputat Bəxtiyar Əliyev Dnestryanı bölgə probleminin nəinki Moldovadan ötrü, həm də bütün Avropa üçün ağrılı bir problem olduğunu, qətnamə layihəsində deyildiyi kimi, onun yalnız Moldovanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasının, bununla bağlı bütün təkliflərə məhz bu istiqamətdə baxılmasının vacibliyini söyləmişdir.
B.Əliyev Dağlıq Qarabağın və işğal olunmuş, separatçı qüvvələrin nəzarəti altında olan digər ərazilərin silah, narkotik maddələr və insan alverinə çevrilmiş nəzarətsiz bölgələr olduğunu bildirmiş, bunu bütün Avropa üçün qara bir ləkə kimi qiymətləndirmişdir. O demişdir ki, Avropa özündə cəsarət tapıb, bu ləkəni tezliklə silməli, hər yerdə insan hüquqları bərpa olunmalıdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Moldovada gedən demokratik prosesləri dəstəkləmişdir.