DGK nümayəndə heyəti Belarusda səfərdədir
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus gömrük xidmətinin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.
DGK-dən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Belarusun Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski ilə görüşüb.
Görüşdə Azərbaycan və Belarus gömrük xidmətləri arasındakı işgüzar əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib. Tərəflər gömrük sistemində rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi, risklərin təhlili, tranzit, poçt daşımaları sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Eyni zamanda Belarus gömrük xidmətinin fəaliyyətinə dair geniş təqdimat nümayiş etdirilib.
Səfər çərçivəsində iki ölkənin gömrük orqanları arasında “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq Planı” sənədi imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus gömrük xidmətinin poçt vasitəsilə daşınan bağlamaların rəsmiləşdirildiyi struktur bölməsində olub, gömrük nəzarəti, çeşidləmə proseslərini izləyiblər.