İQTİSADİYYAT
DGK sədri Beynəlxalq Narkotiklərlə Mübarizə konfransında iştirak edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Yamaykanın Seynt Ceyms şəhərində Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təşkilatçılığı ilə 37-ci Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransı (IDEC) keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə strateji planların işlənib hazırlanması, ortaya çıxan təhdidlərin müzakirəsi üçün 130-dan çox ölkənin hüquq-mühafizə orqanının nümayəndə heyətlərinin qatıldığı konfransda “Transmilli cinayətkar təşkilatların və onların təchizat zəncirlərinin sıradan çıxarılması” mövzusu ətrafında müzakirələr aparılıb.
Konfrans çərçivəsində keçirilən plenar sessiyalarda, innovativ və interaktiv seminarlarda ikitərəfli qarşılıqlı fəaliyyətlər, məlumat mübadiləsinin asanlaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ümumi öhdəliklərin icrasının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.