Diaspor sədri: Şanlı Qələbəmiz Misirdə yaşayan azərbaycanlıların da qürur mənbəyidir
Qahirə, 11 oktyabr, AZƏRTAC
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda aparılan 44 günlük müharibədə qazandığımız şanlı Qələbə Misirdə yaşayan azərbaycanlıların da qürur mənbəyidir. Artıq buradakı soydaşlarımız bütün görüşlərdə və tədbirlərdə özlərini qalib xalqın nümayəndələri kimi hiss edirlər.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirdə “Vətənpərvər” Azərbaycanlıların Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov söyləyib.
O deyib: “Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, ölkəmizin Misirdəki səfirliyi ilə birgə fəaliyyət göstərən diasporumuz 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği, şanlı Ordumuzun torpaqlarımızı azad etməsi haqqında xəbərlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görüb. Belə ki, Misirin və digər ərəb ölkələrinin KİV-də məqalələr dərc etdirilib, ermənilərin vəhşilikləri, xüsusən İslam abidələrini dağıtması və məscidləri təhqir etməsi barədə ətraflı məlumatlar yayılıb. Eyni zamanda, Misir parlamentinin üzvləri, dini qurumlar və cəmiyyətlərin rəhbərləri ilə mütəmadi şəkildə əlaqə saxlanılıb. Həmin günlərdə buradakı çoxsaylı erməni diasporu azsaylı Azərbaycan icmasının qarşısında aciz qalmışdı. Bunun əsas səbəbi ondan ibarət idi ki, artıq Misir ictimaiyyətinin mütləq əksəriyyəti Azərbaycanın haqq işinin, ədalətli mövqeyinin tərəfində idi. Vaxtilə özləri işğala məruz qalmış misirlilər təcavüzkar ölkəyə haqq qazandırmır, Azərbaycanın ərazi bütövlüyün dəstəkləyirdi”.
Azərbaycanın diaspor təşkilatının şanlı Qələbədən sonrakı fəaliyyətindən bəhs edən S.Nəsirov deyib: “İndi diaspor təşkilatımızın üzərinə daha çox vəzifə düşür. Biz Yaxın Şərq və Şimali Afrika ölkələrində hələ də güclü təbliğat aparan erməni diasporunun yalan və iftira dolu məlumatlarının yayılmasının qarşısının alınması, onlara vaxtında və tutarlı, tarixi faktlara və müasir reallıqlara əsaslanan cavabların verilməsi istiqamətində daha səmərəli fəaliyyət göstəririk. Vətən müharibəsi günlərində Misirdəki hər bir azərbaycanlı sosial şəbəkələrdə bu qətiyyətli fəaliyyəti nümayiş etdirdi. Bu gün də fəaliyyətimiz davam edir. Bundan sonra da Misir ictimaiyyəti arasında, yerli KİV-də doğma Azərbaycanımızın haqq səsinin daha çox yayılması, xalqımızın mədəniyyətinin və tarixinin təbliği istiqamətində səyləri artıracağıq. Əminəm ki, bundan sonra da qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün Misirdə yaşayan hər bir azərbaycanlı diaspor fəaliyyətinə öz töhfəsini verəcək.
Biz, həmçinin diaspor mərkəzində təşkil etdiyimiz Azərbaycan dili kurslarında təhsil alan misirli və dünyanın müxtəlif ölkələrindən gəlmiş gənclərə Azərbaycan həqiqətləri, ölkəmizin zəngin mədəniyyəti haqqında da ətraflı məlumatlar çatdırırıq. Çalışırıq ki, fəaliyyətimiz çoxşaxəli olsun və təbliğatımız Misir ictimaiyyətinin müxtəlif təbəqələrini əhatə etsin. Eyni zamanda, Azərbaycanın hər zaman xalqlar arasında sülhün, ədalətin, dinlərarası dialoqun tərəfdarı olduğu, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığı barədə Misir və digər ərəb ölkələrinin mətbuatında məqalələrlə çıxış edirik”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə