ELM VƏ TƏHSİL
Dillər Universiteti və İlahiyyat İnstitutu elmi-pedaqoji və elmi-tədqiqat istiqamətlərində əməkdaşlığa başlayır
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokolu ADU-nun rektoru akademik Kamal Abdulla və Aİİ-nin rektoru Ceyhun Məmmədov imzalayıb.
Protokolda iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, layihələrin reallaşdırılması, professor-müəllim heyəti, doktorantlar üçün təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulur. Sənədə əsasən, ali məktəblər, həmçinin elmi konfransların təşkili, elmi araşdırmaların aparılması, təlim kurslarının və seminarların keçirilməsi məqsədilə universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi, tələbə mübadiləsi, doktorantura tələbələrinə elmi rəhbərlik, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materialları ilə təmin edilmə üzrə əməkdaşlıq edəcək.
Rektor K.Abdulla bildirib ki, ölkə universitetlərinin xarici universitetlərlə yanaşı, respublikada fəaliyyət göstərən təhsil müəssisələri ilə ciddi əlaqələr qurmasına böyük ehtiyac var. Prezident İlham Əliyevin Aİİ-nin yaradılması təşəbbüsü Azərbaycan xalqının ziyalılığı, mənəviyyatı üçün çox ciddi addımdır. Kamal Abdulla yeni yaranmış təhsil ocağının öz məramına uyğun olaraq Azərbaycanda bir sıra xeyirli işlər görəcəyindən əmin olduğunu söyləyib.
ADU-nun rektoru deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb, multikultural mühit elə bir inkişaf səviyyəsinə çatıb ki, ölkəmizdəki məzhəblərin nümayəndələri də bir-biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər.
Aİİ rektoru C.Məmmədov əməkdaşlıq təklifini qəbul etdiyinə görə ADU-nun rəhbərliyinə təşəkkürünü bildirib, rəhbəri olduğu institutun fəaliyyətindən danışıb, ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulması istiqamətində təşəbbüs göstərdiklərini deyib.
İmzalanma mərasimindən sonra qonaqlar universitetlə tanış olublar.