DİLLƏRİN ÖYRƏNİLMƏSİ DƏRK EDİLMİŞ ZƏRURƏTDİR
Bakıda “MDB ölkələrində humanitar məkanın formalaşması: tələblər, vəzifələr, vasitələr” mövzusunda elmi-praktiki konfrans başa çatmışdır. Bakı Slavyan Universiteti və Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) birgə təşkil etdikləri konfransın işində Rusiyanın 50-yə yaxın tanınmış alimi iştirak etmişdir. Onlar azərbaycanlı həmkarları ilə birlikdə MDB ərazisində humanitar məkanın formalaşması prosesinin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni aspektlərini, eləcə də müəllimlərin ixtisas səviyyəsinin artırılması məsələlərini müzakirə etmişlər.
Rusiya nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət Linqvistika Universitetinin rektoru, pedaqoji elmlər doktoru, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü İrina Xaleyeva AZƏRTAC-ın müxbirinin xahişi ilə bu görüşün bəzi yekunlarını şərh etmişdir. İ.Xaleyeva demişdir:
- Bu konfrans onu başa düşməyimizə kömək etdi ki, Azərbaycanda rus dilinə çox qayğıkeş münasibət bəslənir. Hamımıza məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəlində respublikada rus dilinin öyrənilməsində tənəzzül yaranmışdı. Lakin indi vəziyyət tamam dəyişmişdir.
Biz, mütəxəssislər dilin öyrənilməsinə başqa mövqedən yanaşırıq. Bu yanaşmanın əsasını sırf tətbiqi amil təşkil edir. Deyə bilərəm ki, indiki dövrdə dillərin öyrənilməsi dərk edilmiş zərurətdir, çünki o, iqtisadiyyatın inkişafı ilə birbaşa bağlıdır. Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Respublikanın həm Rusiya, həm də keçmiş Sovet İttifaqı məkanındakı digər ölkələrlə əlaqələri genişlənir. Buna görə də biznes fəaliyyətinin daha uğurlu olması, iqtisadi məsələlərin birgə həll edilməsi üçün, bir sözlə, ucsuz-bucaqsız postsovet məkanında özünü rahat hiss etmək üçün millətlərarası ünsiyyət vasitəsi kimi rus dilini bilmək çoxları üçün zəruridir.
İ.Xaleyeva həm ali məktəblərarası münasibətlərin inkişafında, həm də ölkələr və xalqlar arasında ənənəvi dostluğun möhkəmlənməsində Bakı Slavyan Universitetinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Moskva ali məktəbinin rektoru demişdir: “BSU, Azərbaycan təhsil sistemində bir qurum kimi mühüm rol oynamaqla bərabər, deyərdim ki, ölkələr arasında bir növ əlaqələndirici vasitə kimi çıxış edir, mühüm siyasi funksiyaları da yerinə yetirir. Bizim universitetdə də MDB ölkələri xalqlarının dillərinin öyrənilməsinə başlanmışdır. Bu sahə üzrə mütəxəssislərin hazırlanması zamanın tələbidir.
BSU ilə də birgə layihələrimiz var. BSU-nun müəllimi B.Musayeva bizim universitetə ezam edilmişdir. O, Azərbaycan dili, sizin xalqın tarixi və mədəniyyəti fənlərindən dərs deyir. Oktyabr ayında MDLU-da Azərbaycan Mədəniyyəti Mərkəzi açmağa hazırlaşırıq. BSU ilə əməkdaşlıq müəllimlərin və tələbələrin stajkeçmə işinin də təşkil edilməsini nəzərdə tutur. Moskvalı tələbələr bir neçə dəfə Bakıda olmuşlar. Onlar Azərbaycan dilini öyrənməyə davam etmək niyyətindədirlər.
İ.Xaleyeva bu gün Rusiyada MDB ölkələri dillərinin öyrənilməsinə böyük əhəmiyyət verildiyini vurğuladı. Konfransda səslənmiş məruzələrin mövzuları da bu problemin aktual olmasına dəlalət edir. RF Dövlət Dumasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki M.Zalixanov “Müasir dünyada qlobal dəyişikliklər şəraitində MDB-nin inteqrasiya problemləri”, RF Dövlət Dumasının MDB Məsələləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin aparat rəhbəri M.Lazutova “Postsovet məkanında humanitar əməkdaşlıq problemləri” mövzusunda məruzələrlə çıxış etmişlər. Konfransda səslənmiş “Azərbaycan-Rusiya münasibətlərinin humanitar aspektlərinin regionda sabitliyə və inkişafa təsiri”, “Xarici dilin (Azərbaycan dilinin) öyrənilməsində ikinci dil şəxsiyyətinin formalaşması yolları”, “Xarici ölkələrin humanitar məkanında rus dili” və başqa məruzələr də diskussiya iştirakçılarının böyük marağına səbəb olmuşdur.
######
