DİN: Binəqədi rayonunda 10,4 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Bakı, 27 aprel, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları son bir həftə ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərin saxlanılmaları istiqamətində əməliyyatları davam etdirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul olan daha 17 nəfər saxlanılıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər törətdikləri, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların üzərində, yaşadıqları evlərdə külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində idarənin istintaq şöbəsində cinayət işi başlanılıb.
Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları mübarizə tədbirlərini davam etdirir.