DİPLOMATİK XİDMƏTƏ İŞƏ QƏBULLA BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
O bildirmişdir ki, nazirlikdə işə qəbul üçün elan edilmiş müsabiqə üç mərhələdən ibarətdir. Əvvəlcə namizədlər test üsulu ilə imtahanda Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, Konstitusiyası, eləcə də beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq iqtisadi münasibətlər, habelə xarici dillə bağlı 120 suala cavab verəcəklər. Fevralın 26-da keçirləcək imtahanın nəticələri elə həmin gün açıqlanacaqdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iştirakı ilə birgə təşkil olunacaq imtahandan minimum 80 bal toplayanlar Azərbaycan dilində və xarici dildə yazacaqları inşanın nəticəsinə görə fərdi müsahibədə iştirak etmək hüququ qazanacaqlar.
Məsul katibin sözlərinə görə, bütün mərhələləri başa vuran namizədlər xüsusi tibbi müayinədən keçdikdən sonra Müsabiqə Komissiyasının tövsiyəsi ilə altı ay müddətinə, stajçı kimi müvəqqəti əmək müqaviləsi bağlamaqla, diplomatik xidmətə işə götürüləcəklər.
Müsabiqəyə ali təhsilli, yaşı 28-dən yuxarı olmayan, Azərbaycan dili ilə yanaşı, xarici dildə sərbəst danışmağı və yazmağı bacaran, diplomatik vəzifələrdə işləmək üçün beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadiyyat sahələrində xüsusi biliklərə malik olan Azərbaycan vətəndaşları buraxılacaqlar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”nda qeyd olunan sənədlər yanvarın 23-dən fevralın 15-dək Xarici İşlər Nazirliyində və Nazirliyin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində (yalnız Naxçıvan Muxtar Respublikasında yaşayanlar üçün) qəbul olunur.
Namizədlər qeyd olunmuş qaydalarla Müsabiqə Komissiyasında və ya Xarici İşlər Nazirliyinin internet səhifəsində tanış ola bilərlər.