“Diplomatiya könüllüləri” üçün növbəti onlayn görüşlər keçirilib
Bakı, 25 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycanda elan etdiyi “Könüllülər ili” çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” üçün “Evdə qal mühazirələrdən qalma” adı ilə keçirilən onlayn görüşlər bu həftə də davam etdirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, bu görüşlər COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək olaraq könüllülərin evdə qaldıqları müddətdə zamanlarını səmərəli keçirmələri üçün təşkil olunub. Bu həftə ərzində Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, İspaniyadakı səfiri Anar Məhərrəmov, NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovun könüllülərlə videokonfransları baş tutub və səfirlər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Görüşlərdə Azərbaycanda dövlətimizin başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, hər səfir tərəfindən akkreditə olunduğu ölkə (və təşkilat) ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.
Hazırda koronavirus infeksiyasının (COVID-19) dünya ölkələrində sürətlə yayıldığını nəzərə alaraq, pandemiyanın ölkələrin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı müzakirə edilib.
Videokonfranslar zamanı COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumət tərəfindən aparılan hərtərəfli fəaliyyətdən geniş bəhs olunub. Qeyd edilib ki, Azərbaycan hökuməti tərəfindən COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən işlərə dəstək və Azərbaycan gənclərinin evdə qalaraq sahə üzrə maarifləndirilməsinə töhfə olaraq, diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə “Diplomatiya könüllüləri”nin müvafiq görüşləri növbəti həftə də davam edəcək.