D.MEDVEDEV: RUSİYA MİLLİ MARAQLARINI BACARIQLA VƏ QARŞIDURMASIZ QORUYACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Prezidenti Dmitri Medvedev Rusiya səfirləri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndələri ilə ölkənin Xarici İşlər Nazirliyində keçirilən müşavirədə aktual beynəlxalq problemlər və Rusiyanın xarici siyasət məsələləri ilə bağlı istiqamətverici nitq söyləmişdir. Rusiya Prezidenti yaxın illərdə beynəlxalq aləmdə ölkənin mövqeyi ilə bağlı fikirlərini söyləmiş, xarici siyasətin əsas istiqamətlərini müəyyənləşdirmişdir. O bildirmişdir ki, bu günlərdə Rusiya Federasiyasının xarici siyasət konsepsiyasını təsdiq etmişdir.
D.Medvedev raketdən müdafiə sistemi elementlərinin Avropada yerləşdirilməsi məsələsinə toxunaraq bildirmişdir ki, ABŞ-ın strateji təhlükəsizliyin əsaslarını dağıdan fəaliyyəti Rusiyanı razı salmır və o, həmin sistemin Rusiyanın təhlükəsizliyinə qarşı yönəldiləcəyindən ehtiyatlanır. Rusiya Prezidenti demişdir: “Biz qəti surətdə bəyan edirik ki, ABŞ-ın qlobal raketdənmüdafiə sistemi elementlərini Şərqi Avropada yerləşdirməsi vəziyyəti daha da gərginləşdirər və biz də buna müvafiq reaksiya verməli olacağıq”. D.Medvedev xüsusi vurğulamışdır ki, Rusiya və ABŞ dünyada sabitlyin qorunması üçün məsuliyyət daşıyırlar. O demişdir: “Tərəflərdən biri bu strateji konstruksiyanın ayrı-ayrı elementlərini dağıdarsa, ümumi irsi qoruyub saxlamaq çətin olacaqdır”. D.Medvedev XXI əsrin reallıqlarına uyğun müasir kollektiv təhlükəsizlik sisteminin mövcud olmamasından narahatlıq ifadə edərək xatırlatmışdır ki, Rusiya böyük “səkkizliy”in görüşündə bu cür sistemin yaradılması təklifini irəli sürmüşdür və bu təklifə münasibət ümidverici olmuşdur.
D.Medvedev münaqişələr məsələsinə toxunaraq vurğulamışdır ki, münaqişələrin keçmişdən miras qalan güc yolu ilə həlli cəhdləri daha da güclənir. Bu cür şəraitdə vəziyyətə düzgün qiymət verməli, milli maraqları həm sərbəst, həm də tərəfdaşlarla birlikdə bacarıqla, qarşıdurmasız müdafiə etmək lazımdır.
D.Medvedev xarici siyasət konsepsiyasından danışaraq bildirmişdir ki, bu, ciddi və tarazlaşdırılmış sənəddir. Konsepsiya gələcək fəaliyyət üçün zəmin yaradır. O demişdir: “Sənəd beynəlxalq həyatın bütün müasir cəhətlərinin təhlilinə əsaslanır”.
Hazırda dünyada Rusiyanın 240-dan çox xarici siyasət idarəsi, o cümlədən 142 səfirliyi, 86 konsulluq idarəsi fəaliyyət göstərir. Xaricdə 6,5 minə yaxın əməkdaş işləyir.