Dmitri Peskov: Rusiya Prezidenti ilkin şərtlər olmadan Ukrayna ilə danışıqlara hazırdır

Moskva, 30 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafındakı vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasına açıqdır və ilkin şərtlər olmadan birbaşa danışıqlara hazır olduğunu təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Znanie” cəmiyyətinin maarifləndirici marafonu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, V.Putin atəşkəsin əldə olunması üzrə təşəbbüsü dəstəkləyir, lakin bundan əvvəl bir sıra incə məqamların tənzimlənməsi zəruridir. Kreml rəsmisi xatırladıb ki, dövlət başçısı müvafiq bəyanatını bundan əvvəl Kremldə mətbuat konfransında edib.
Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, “Ukrayna böhranının ilkin səbəbləri bir gecədə həll olunacaq qədər sadə deyil” və “bir çox incəliklər nəzərə alınmalıdır”. Onun sözlərinə görə, Rusiya bu istiqamətdə ABŞ-ın səylərini alqışlayır, lakin “sülh razılaşması Amerika ilə deyil, Ukrayna ilə bağlanmalıdır”.
“Prezident Putin ukraynalılarla ilkin şərtlər olmadan birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib. Bu hazırlıq hələ də qüvvədədir”, – deyə D. Peskov bildirib. O qeyd edib ki, Kiyev hələlik belə təmaslara hazır olub-olmadığını aydın şəkildə bildirməyib.
O, həmçinin əlavə edib ki, ABŞ tez nəticə əldə etməyə çalışır, lakin Rusiya tərəfi münaqişənin dərin mürəkkəbliyindən və onun səbəblərinin nəzərə alınması zərurətindən çıxış edir. “Biz Amerika Birləşmiş Ştatlarının misilsiz səylərini yüksək qiymətləndiririk, lakin Ukrayna nizamlanma tərəfi olmalıdır”, – deyə Kreml nümayəndəsi sözlərini yekunlaşdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva