İQTİSADİYYAT
Dörd ayda respublika üzrə elektrik enerjisi istehsalı artıb
Bakı, 15 may, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 600,3 milyon kVt/st, yəni 6,5 faiz artaraq 9852,1 milyon kVt/st olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-aprel aylarına nisbətən İES-lərdə 633,2 milyon kVt/st artaraq 9 266,1 milyon kVt/st, SES-lərdə 30,8 milyon kVt/st azalaraq 462 milyon kVt/st, digər mənbələr üzrə isə 2,1 milyon kVt/st azalaraq 124 milyon kVt/st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 21,4 milyon kVt/st, günəş elektrik stansiyalarında 19,1 milyon kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 83,5 milyon kVt/st elektrik enerjisi istehsal olunub.
Dörd ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 892,8 milyon kVt/st (İES-lərdə 8 459,7 milyon kVt/st, SES-lərdə 433,1 milyon kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 128,95 milyon kV/st (İES-lərdə 85,91 milyon kVt/st, SES-lərdə 25,69 milyon kVt/st, Günəş ES-də 17,35 milyon kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 16,4 milyon kVt/st, müstəqil elektrik stansiyaları üzrə 813,95 milyon kVt/st təşkil edib.
Yanvar-aprel aylarında elektrik enerjisinin idxalı 41,1 milyon kVt/st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 milyon kVt/st, ixrac isə 1 244,1 milyon kVt/st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 725,6 milyon kVt/st artıb.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,6 milyon kVt\st və ya 2,4 faiz artaraq 2095,9 milyon kVt\st olub. Aprel ayında elektrik enerjisinin idxalı 9,6 milyon kVt/st, ixrac isə 9,7 milyon kVt/st təşkil edib.