Dörd yüzədək gəncin iştirakı ilə onlayn forum keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
Sabunçu Gənclər evinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Gənclərin Motivasiya Forumu keçirilib. Onlayn forumda 400-ə yaxın gənc iştirak edib.
Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, Forumun keçirilməsində məqsəd gənclərin uğur qazanmaq üçün təşviq olunması, onlarda ruh düşkünlüyünün peşəkar təlimçilər tərəfindən aradan qaldırılması, şəxsi nizam-intizam vərdişlərinin formalaşdırılması, karantin müddətində gənclərin sosial və fərdi inkişafına təkan verilməsidir.
Forumda Sabunçu Gənclər evinin direktoru Samir Mehralıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova, “Karnegi Klub”un rəhbəri, təlimçi Nəcəf Allahverdiyev, Etika Akademiyasının rəhbəri və təsisçisi Günel İbrahim, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov, türkiyəli məşhur təlimçilər Mustafa və Kamal Altıntaş qardaşları çıxış ediblər.
Gənclərlə səmərəli fikir mübadiləsinin aparıldığı onlayn tədbirdə Günel İbrahim “Krizisdə uğur hekayələri”, Altıntaş “Gələcək sizinlə gələcək”, Nəcəf Allahverdiyev “Motivasiya və baxış bucağı”, Anar Məmmədov “Fərdi inkişafda motivasiya” mövzularında çıxışlar ediblər. Çıxışlardan sonra viktorinalar keçirilib, qaliblərin adları açıqlanıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sabunçu Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına, demokratik iştirakçılığının gücləndirilməsinə, sağlam gənclik mühitinin formalaşdırılmasına, yüksək intellektli gənclərin yetişdirilməsinə nail olmaq, gənclərdə sosial məsuliyyət hissi formalaşdırmaq, onların asudə vaxtını səmərəli təşkil etməkdir.