DÖVLƏT DƏMİR YOLUNDA MƏTBUAT KONFRANSI
Fevralın 21-də Azərbaycan Dövlət Dəmir Yolunda mətbuat konfransı keçirilmişdir. Ötən ilin iş yekunları və dəmir yolu nəqliyyatının inkişaf perspektivləri barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verən Dövlət Dəmir Yolunun rəisi Ziya Məmmədov başçılıq etdiyi sahənin fəaliyyətini konkret faktlarla səciyyələndirdi. O, hesabat ilində 15,4 milyon ton yük daşınaraq, tapşırıga 102,7 faiz əməl olunduğunu, illik yük dövriyyəsi üzrə 6,6 faiz artım əldə edildiyini vurğuladı, bu uğurları Azərbaycan Prezidenti Heydər Əliyevin respublikamızı Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevirmək istiqamətində gərgin və məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirdi.
Mətbuat konfransında dəmir yol nəqliyyatının digər texniki-iqtisadi göstəricilərinin də əvvəlki illərə nisbətən xeyli yüksəldiyini, yükdaşımaların iqtisadi səmərəliliyinin artdığını göstərən faktlar və rəqəmlər sadalandı, yük və sərnişin daşımalarına olan tələbatın tam ödənildiyi bildirildi.
Ziya Məmmədov Böyük ipək yolunun bərpası, Transqafqaz dəhlizinin imkanlarının artırılması ilə bağlı görülməkdə olan işlərdən də söz açdı. Onu da xatırlatdı ki, həmin dəhlizlə ölkəmizdən keçən tranzit yüklərin həcmi son 4-5 ildə 10 dəfədən çox artaraq, 2001-ci ildə 6,8 milyon tona çatmışdır.
Mətbuat konfransında dəmir yolunda aparılan islahatlar, onun müsbət nəticələri, Azərbaycan Dəmir Yolunun beynəlxalq əlaqələri, həyata keçirilməkdə olan layihələr, xidmət mədəniyyətinin yüksəlməsi barədə də məlumat verildi.
Sonra Z.Məmmədov Dövlət Dəmir Yolunun inkişaf perspektivləri ilə bağlı jurnalistlərin suallarına cavab verdi.