Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi əməkdaşlarının elmi məqaləsi beynəlxalq jurnalda yayımlanıb
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun və rəis müavini, tibb xidməti polkovnik-leytenantı, dosent İsmayıl Əfəndiyevin həmmüəllifi olduqları “Şizofreniya spektri olan xəstələrdə COVID-19 reaksiyası kluklar: Hematoloji və iltihablı profil” mövzusunda məqaləsi “Kliniki Tibb və Biomühəndislik” adlı beynəlxalq jurnalda dərc edilib.
Məqalədə şizofreniyanın COVID-19 səbəbindən ölüm halları üçün yüksək risk faktoru olduğundan, şizofreniya xəstələrində COVID-19-un gedişatı və nəticələrindən bəhs edilir. Müəlliflərin tədqiqatı şizofreniya xəstələrində SARS-CoV-2-yə hematoloji və immunoloji cavabı araşdırmaq məqsədi daşıyır. Məlumatlar şizofreniya xəstəsi olan 69 xəstənin və təsdiqlənmiş COVID-19 diaqnozu olan 332 əqli cəhətdən sağlam şəxsin tibbi qeydlərindən götürülərək araşdırılıb. İmmunoloji status hemoqlobin səviyyəsi, ağ qan hüceyrəsi, mütləq neytrofil, mütləq limfosit və trombositlərin sayı ilə qiymətləndirilib. İltihab vəziyyəti neytrofil-limfosit nisbətindən istifadə edilərək dəyərləndirilib. Müəlliflərin əldə etdiyi nəticələr şizofreniya xəstələrində nəzarət qrupları ilə müqayisədə xəstəliyin daha yüngül keçməsini göstərib.
Beləliklə, müəlliflərin əldə etdiyi nəticələr ümumi əhali ilə müqayisədə şizofreniya xəstələrində COVID-19-a fərqli fizioloji reaksiya aşkar edib və bu, psixi xəstəliklərin təbiəti, dərman müalicəsi, immun sisteminin funksionallığı və COVID-19-a həssaslıq arasında mürəkkəb qarşılıqlı əlaqənin olması haqqında bir çox suallar doğurub.
Qeyd edək ki, “Kliniki Tibb və Biomühəndislik” adlı beynəlxalq jurnal (ISSN: 2737-534X) elmi, beynəlxalq fənlərarası nüfuzlu açıq referens jurnal olub, ciddi şəkildə qabaqcıl biomühəndislik texnologiyalarına uyğun səhiyyə, risk faktorları, profilaktik tibb, klinik praktika ilə bağlı problemlərin həlli üçün əhatə dairəsinə malik olan əsərləri dərc edir.