DÖVLƏT GÖMRÜK KOMİTƏSİNƏ KOMPYUTER AVADANLIĞI TƏQDİM OLUNMUŞDUR
Komitənin sədri Aydın Əliyev Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yolundan danışmış, ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğını xatırlatmışdır. Aydın Əliyev bildirmişdir ki, hazırda 38 gömrük orqanında “Onlayn” rejimi sistemində informasiya texnologiyalarının tətbiqi və məlumatların toplanılmasına başlanılmışdır.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi və BMTİP-in nümayəndəsi Marko Borsotti, Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Alan Uaddams, layihənin baş məsləhətçisi Kolin Stringer və başqaları çıxış edərək, indiyədək görülən işlər barəsində məlumat vermiş, onun ilkin mərhələsinin yekunlaşdığını söyləmişlər.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2006-cı ilin yanvarından reallaşdırılan layihə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusən Avropa İttifaqının Gömrük Məcəlləsinə uyğunlaşdırılması, informasiya texnologiyalarının inkişaf strategiyasının həyata keçirilməsi üzrə Dövlət Gömrük Komitəsinə kömək göstərilməsini nəzərdə tutur.
Komitəyə ümumi dəyəri 21 min manat olan serverlər, kompyuterlər, UPS-lər və sair avadanlıq təqdim edilmişdir.
Tədbir iştirakçıları Azərbaycan Gömrük Tarixi Muzeyi ilə tanış olmuşlar.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti Komitəyə avadanlığın verilməsi barədə akt imzalamışlar.