Dövlət-hakimiyyət-cəmiyyət tandemi qarşısında bütün ziyanlı güclər acizdir
Bakı, 24 avqust, AZƏRTAC
Vəzifəli şəxslər, cəmiyyətdə tanınan insanlar, ictimai-siyasi sahədə adları tez-tez çəkilən şəxslər əslində hərəkətləri ilə nümunə olmalıdırlar. Çox təəssüf ki, karantin rejiminin tələblərinə münasibətdə pozuntu hallarına yol verənlər arasında belə şəxslərin də adlarına tez-tez rast gəlirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.
Son günlər bəzi vəzifəli şəxslərin karantin qaydalarını pozaraq toy mərasimi keçirməsi barədə yayılan informasiyalara diqqət çəkən təşkilat sədri hadisənin qanun pozuntusu olması ilə yanaşı, mənəvi aşınma faktının təzahürü kimi də dəyərləndirilməsinin insanda təəssüf hissi yaratdığını deyib. “Mərasimdə iştirak edən şəxslər sıradan şəxslər deyil. Onların dövlətin qayda-qanunlarına, dəyərlərinə, dövlətimizin başçısının tövsiyələrinə ögey münasibət göstərmələri mütləq qınaq obyektinə tuş gəlməli idi və gəldi də. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Belə olan təqdirdə, dövlətin rəhbərliyində təmsil olunmuş şəxslərin, qanunverici orqanın üzvü olmuş insanların qaydaları kobud şəkildə pozmaları heç bir çərçivəyə sığmır və belə hərəkətə haqq qazandırmaq mümkün deyil", - deyə M.Əmirhüseynova qeyd edib.
Azərbaycanın hüquqi dövlət olduğunu xatırladan M.Əmirhüseynova diqqətə çatdırıb ki, ölkəmizdə heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu günədək daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin hiddətinə səbəb olub və ciddi qınağına məruz qalıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva karantin qaydalarına ciddi əməl etdiklərini dəfələrlə göstəriblər. Belə olan təqdirdə, başqalarının qanunu pozmağa heç bir haqqı yoxdur.
"Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz", - deyən təşkilat rəhbəri ictimai qınağın təsir dairəsi ilə bağlı da fikirlərini bölüşüb və Azərbaycanda ictimai qınağın təsirli nəticələrinin tez-tez şahidi olduğunu vurğulayıb. O deyib: "Azərbaycanda ictimai nəzarətin güclənməsi Prezident İlham Əliyevin daim təbliğ etdiyi mövzudur. Prezident QHT-ləri, jurnalistləri, bütövlükdə vətəndaşları ictimai nəzarətdə fəal olmağa səsləyir. Məhz bunun nəticəsidir ki, bu gün dövlətin, cəmiyyətin, qanunların, insanlığın əleyhinə çıxmağa cəhd edilən hər bir hərəkət anındaca reaksiya ilə qarşılanır, bu reaksiya dövlətin rəhbərliyi tərəfindən tam şəkildə nəzərə alınır, vətəndaşların narazılığına səbəb olan məsələlər araşdırılır.
Haqqında danışdığımız toy mərasiminin keçirilməsinə də əvvəlcə ictimaiyyət etiraz etdi. Mətbuat, sosial şəbəkələr bu narazılığı paylaşandan sonra karantin rejimini pozanlar məhkəmə qarşısına çıxarıldı. Bu mənada vətəndaş cəmiyyətinin daha da möhkəm təməllər üzərində qurulması, inkişafının vacibliyi yenidən gündəmə gəldi”.
M.Əmirhüseynova bildirib ki, ictimai qınaq artdıqca və sağlam tənqid üzərində formalaşdıqca belə mənfi halların da sayı azalacaq. Dövlət-hakimiyyət-cəmiyyət tandemi qarşısında bütün ziyanlı güclər acizdir.