DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Bu sahədə tədrisin əsas məqsədi islahatlar şəraitində sosial siyasətin hazırlanması və həyata keçirilməsi sahəsində biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu barədə yeni informasiyaların verilməsi olmuşdur.
Tədris-tematik plan üzrə kurslarda dövlətin sosial siyasətinin mahiyyəti və başlıca vəzifələri, əsas prioritetləri, istiqamətləri və s. ilə bağlı mühazirələr oxunmuş, müzakirələr aparılmışdır.
Kurslarda Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və tanınmış alim və mütəxəssislər dinləyicilər qarşısında sosial siyasətin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
DİA-da keçirilən növbəti buraxılış mərasimində bu ali məktəbin rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov və digər natiqlər kursları başa vuran dinləyicilərə uğurlar arzulamış, onlara sertifikatlar verilmişdir.