Dövlət İmtahan Mərkəzi dizayn ixtisası üzrə elmi-metodik seminar keçirib
Bakı, 26 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən dizayn ixtisası üzrə elmi-metodik seminar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminarda dizayn ixtisası üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və DİM-in yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev açaraq bildirib ki, hazırda dizayn ixtisası üzrə həm “təsviri sənət”, həm də “memarlıq və dizayn” istiqaməti üzrə tələbə qəbulu aparılır. Buna görə bu ixtisas üçün qabiliyyət imtahanları müxtəlif fənlər üzrə keçirilir. Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, ali təhsil müəssisələrində dizayn ixtisası üzrə vahid standartlar əsasında tədris aparıldığından qəbul imtahanı zamanı bu ixtisasa qabiliyyət imtahanlarının müxtəlif fənlər üzrə keçirilməsi məqsədəuyğun hesab edilmir. Bu səbəbdən dizayn ixtisasının eyni istiqamətin daxilində bir komissiya tərkibində birləşməsi, qabiliyyət imtahanı fənlərinin müəyyən edilməsi təklif olunub və bu məsələ təhsil müəssisələrinin müzakirəsinə verilib.
Seminarda, həmçinin yeni təhsil proqramı (kurikulum) əsasında keçiriləcək qəbul imtahanının müsabiqə şərtləri, dizayn ixtisası üzrə mövcud qabiliyyət imtahanı fənləri, imtahan proqramları, qiymətləndirmə meyarları müzakirə edilib.
Ali təhsil müəssisələrinin rəhbərləri ilə aparılan müzakirələrin son detalları müəyyənləşdikdən sonra yekun nəticə tezliklə ictimaiyyətə elan olunacaq. Qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr istiqamətlərə müvafiq vəsaitlərdə nəşr ediləcək.