Dövlət Komitəsində Nəsimiyə həsr olunmuş kitabın təqdimatı olub
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Mərhaba: seçilmiş əsərlər” kitabının təqdimat mərasimi keçirilib. Kitabda böyük mütəfəkkirin rus dilinə tərcümə olunmuş şeirləri yer alıb.
AZƏRTAC Komitənin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporunun nümayəndəsi Feyzi Ağayevin dəstəyi ilə hazırlanmış kitabın təqdimat mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, elm və ədəbiyyat xadimləri, musiqiçilər, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər İmadəddin Nəsiminin zəngin yaradıcılığından, böyük mütəfəkkirin irsinə dövlət səviyyəsində verilən dəyərdən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Buna uyğun olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları dahi şairimizin 650 illiyinə həsr olunmuş silsilə tədbirlər təşkil ediblər.
Natiqlər, həmçinin xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mədəni irsinin tanıdılması istiqamətindəki səylərini alqışlayıblar. Qeyd olunub ki, “Mərhaba: seçilmiş əsərlər” kitabı da “Nəsimi ili”nə ən yaxşı töhfələrdən biridir.
Sonra Nəsiminin qəzəlləri və bu qəzəllərə bəstələnmiş əsərlər dinlənilib.
Feyzi Ağayevə və kitabın ərsəyə gəlməsində əməyi olan digər şəxslərə plaketlər təqdim edilib.
Sonda Azərbaycan əsilli tanınmış müğənni Sami Yusufun ifasında İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında hazırlanan musiqili kompozisiya nümayiş olunub.