Dövlət Komitəsində vətəndaşlarla görüş olub
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Komitə sədrinin fərdi qaydada görüşdüyü məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.