REGİONLAR
Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 20 sentyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 20-də Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağsu və İsmayıllı rayon sakinlərinin müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, görkəmli dövlət xadiminin əziz xatirəsinə dərin ehtiram bildirilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, ünvanlı dövlət sosial yardım, uşaqların müalicəsi, onların müvafiq sənədlərlə təmin olunmasında köməklik göstərilməsi və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq icraata götürülüb.