Dövlət Miqrasiya Xidmətinin rəisi Filippinin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Bakı, 24 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Filippinin ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Maria Elena Alqabre ilə görüşüb.
DMX-dən AZƏRTAC-a verilən məlumata görə, Xidmət rəisi səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib. Səfirin fəaliyyəti dövründə iki ölkə arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirən Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Səfir Maria Elena Alqabre səmimi qarşılanmaya görə minnətdarlığını bildirib. O, həmçinin ölkəsinin miqrasiya idarəçiliyi sahəsində təcrübəsindən söhbət açıb.
Görüşdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.