Dövlət mülkiyyətində olan torpaqlarda şorlaşma dərəcəsi öyrənilir
Bakı, 3 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri davam etdirilir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, məqsəd torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsidir.
Cari ilin aprel ayından başlanan irimiqyaslı çöl torpaq tədqiqatı işləri bu günədək Neftçalada 30 min 376 hektar, Siyəzəndə 7382 hektar, Şabranda 6231 hektar, Xızıda 37 min 279 hektar, Qusarda 8216 hektar, Qubada 36 min 108 hektar dövlət mülkiyyətində olan ərazilərdə aparılıb. Şamaxının 30 min 514 hektar, Qobustanın 32 min 828 hektar, Sabirabadın 17 min 56 hektar, Salyanın 40 min 625 hektar və Zərdabın isə 10 min 60 hektar dövlət mülkiyyətində olan ərazilərində də irimiqyaslı çöl torpaq tədqiqatı işləri yekunlaşıb. İlin sonunadək Zərdab və Hacıqabul rayonlarının dövlət mülkiyyətində olan torpaqlarında tədqiqat işləri başa çatdırılacaq. Ümumilikdə dövlət mülkiyyətində olan 256 min 675 hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri tamamlanıb.
Görülən işlər çərçivəsində dövlət mülkiyyətində olan torpaqlarda yaranmış mövcud vəziyyət, baş vermiş dəyişikliklər müəyyən edilir, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələri öyrənilir.
Tədqiqat zamanı, həmçinin aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilir.
Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.