DÖVLƏT NEFT AKADEMİYASININ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Akademiyanın rektoru, professor Siyavuş Qarayev AZƏRTAC-ın müxbirinə demişdir ki, bu əlaqələr müxtəlif istiqamətlərdə həyata keçirilir: xarici ölkələr üçün mütəxəssis və elmi kadrların hazırlanması; tanınmış elm və təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq; beynəlxalq təhsil proqramlarında, ali məktəblərin beynəlxalq assosiasiyalarının işində
iştirak; xarici ölkələrin Bakı şəhərindəki nümayəndələri və beynəlxalq şirkətlərlə əməkdaşlıq.
Xarici ölkələr üçün mütəxəssis hazırlanmasında ADNA-nın kifayət qədər təcrübəsi var. İndi hazırlıq, bakalavr, magistr, aspirantura, doktorantura pillələrində Türkiyə, Çin, Suriya, Pakistan, Vyetnam, Misir, İordaniya, İran, Gürcüstan, Rusiya, İsraildən olan təxminən 200-ə qədər əcnəbi vətəndaş təhsil alır.
ABŞ-ın Corcia Universiteti (Atlanta) ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Onların tədris planları əsasında ADNA-da ingilis dilində biznesi idarəetməni öyrədən magistratura fəaliyyət göstərir. Burada təhsil alanların əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan soydaşlarımızdır. Bu il 6 gənc mütəxəssis Corcia Universitetində altı aylıq kurs keçmişdir. İkitərəfli müqavilələr üzrə Almaniyanın Zigen Universiteti, Rumıniyanın Ployeşti Neft-Qaz Akademiyası, Qubkin adına Rusiya Neft və Qaz Universiteti, Qazaxıstan-Britaniya Texniki Universiteti, Çin Neft Universiteti, Avstriyanın Montana, Fransanın Nitsa, İtaliyanın Genuya, Türkiyənin Orta Doğu universitetləri ilə əməkdaşlıq edilir. İki ildir ki, Zigen Universitetinin tədris proqramı əsasında yeni ixtisas - mexatronika ixtisası üzrə mütəxəssis hazırlanır. Çin Neft Universiteti akademiyaya kompüter sinfi hədiyyə etmişdir.
Xarici şirkətlərin Bakıdakı nümayəndələri ilə də əlaqələr qurulmuşdur. Prezidenti ADNA-nın məzunu olan “LUKoyl” neft şirkəti ötən il təhsil ocağında böyük bir mərkəz açmışdır və səkkiz tələbəyə təqaüd verir. Onlar təhsillərini başa vurandan sonra həmin şirkətdə işlə təmin ediləcəklər. Bp-nin bu yaxınlarda təqdim etdiyi layihəyə görə, şirkət akademiyanın yuxarı kurslarında yaxşı oxuyan tələbələr üçün ən müasir neft avadanlıqları ilə təchiz olunmuş xüsusi laboratoriya açır. Beləliklə, tələbələr təhsili başa vuranda artıq istehsalatdakı müasir avadanlıqlarda işləməyi bacaracaqlar.