DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ GÖRÜŞ
ARDNŞ ilə TPAO arasında əməkdaşlığın “Əsrin müqaviləsi”nin imzalanmasından başlandığını qeyd edən Rövnəq Abdullayev, “Üç dənizin əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin artıq reallığa çevrildiyini vurğuladı və Türkiyə hökumətinin bu işdə göstərdiyi əzmkarlığı yüksək qiymətləndirdi, Türkiyə və Azərbaycan neftçilərinin əlaqələrinin ölkələrimizin iqtisadi yüksəlişində mühüm rol oynadığını söylədi.
ARDNŞ-in öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirən Rövnəq Abdullayev, şirkətin son illərdə qazandığı uğurlardan, qarşıdakı mərhələdə görüləcək işlərdən ətraflı bəhs etdi.
Türkiyənin enerji və təbii qaynaqlar nazirinin köməkçisi Salih Paşaoğlu BTC kəməri ilə Ceyhan terminalına nəql edilmiş Azərbaycan neftinin ilk partiyasının dünya bazarına çıxarılması münasibətilə Azərbaycan xalqını təbrik etdi və ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə türkiyəli həmkarının səmimi salamlarını yetirdi. O bildirdi ki, Azərbaycan neftçilərinin gərgin əməyi sayəsində dünya iqtisadiyyatının inkişafına xidmət edəcək Xəzər neft və qazının Avropaya çatdırılması Türkiyə şirkətləri üçün böyük şərəfdir.
TPAO-nun prezidenti Osman Saim Dinc ARDNŞ ilə TPAO arasında əməkdaşlığın bundan sonra yüksələn xətt üzrə daha sürətlə inkişaf edəcəyinə inamını ifadə etdi. TPAO-nun Azərbaycana yatırdığı sərmayələrin artıq mənfəət gətirdiyini qeyd edən Osman Saim Dinc, başçılıq etdiyi şirkətin növbəti mərhələdə ARDNŞ ilə istər Azərbaycandakı, istərsə də Qazaxıstan və Türkiyədəki layihələrdə işbirliyinə hazır olduqlarını bildirdi. O, Ceyhan limanında, Aralıq dənizinin sahillərində əməkdaşlıq üçün yeni fəaliyyət sahələrinin yarandığını diqqətə çatdırdı və birgə əməkdaşlığın perspektivlərini ətraflı müzakirə etməkdən ötrü azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdi.