DÖVLƏT PROQRAMININ İCRASI İLƏ BAĞLI HÜQUQİ BAZA TƏKMİLLƏŞDİRİLİR
Azərbaycan Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı" və daha dörd normativ hüquqi sənəd təsdiq edilmiş, dövlət əmlakının idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, sənədlərin qəbulu dövlət əmlakının qorunması və səmərəli istifadə edilməsinin ayrı-ayrı istiqamətləri üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün təkan olmuşdur. Qurum tərəfindən dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində 30-a yaxın normativ-hüquqi sənədin layihələri hazırlanmışdır. Bu sənədlər arasında dövlət müəssisələrinin yaradılması və fəaliyyətində müasir korporativ idarəetmə üsullarının tətbiqi, dövlət əmlakının etibarlı idarəetməyə verilməsi, dövlət təşkilatlarının yerləşdirilməsi ilə bağlı müvafiq normaların, dövlət müəssisələrinə rəhbərlərin təyin olunması qaydalarının təsdiqi ilə bağlı sənədlər vardır. Artıq dövlət müəssisə və təşkilatları tərəfindən daşınan dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə, daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılması və razılığın verilməsi ilə bağlı müvafiq sənədlər qüvvəyə minmişdir. Bu sənədlərin qüvvəyə minməsi ilə komitə tərəfindən daşınar dövlət əmlakının icarəyə verilməsi, dövlət mülkiyyətində olan torpaq sahələrinin və daşınmaz əmlakın təyinatının dəyişdirilməsi, buna razılığıın verilməsinə dair müvafiq prosedur qaydaları müəyyən edilmişdir.
Dövlət müəssisələrinin nizamnamə kapitalına daxil olan əmlakın qorunub saxlanılması və səmərəli istifadəsinə nəzarətin həyata keçirilməsi, bu əmlakın faktiki vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq əsasnamə layihəsi və xüsusi hesabat forması təsdiq edilmişdir. Xüsusi hesabat formasında müəssisənin maliyyə göstəriciləri, onun yerləşdiyi torpaq sahəsi, tabeliyində olan daşınmaz əmlak, tikili və avadanlığın mövcudluğu, hərəkəti, daşınan və daşınmaz əmlakdan istifadə vəziyyəti, müəssisənin aktivi, öhdəlikləri barədə məlumatlar vardır.
Xüsusi hesabat formasının alınması nəticəsində dövlət müəssisələrində və nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunması, ondan səmərəli istifadəyə nəzarətin daha təkmilləşdirilmiş formada həyata keçirilməsi təmin ediləcəkdir.
Eyni zamanda, özəlləşdirmə prosesində qiymətləndirmənin müasir tələblərə uyğunlaşdırılmasına dair komitə və əlaqədar dövlət qurumları tərəfindən dövlət əmlakının birgə qiymətləndirilməsi, habelə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə əlaqədar icarə haqlarının minimum məbləğində dəyişikliklər edilməsi üçün yeni sənədlər qüvvəyə minmişdir. Bu normativ sənədlərin tətbiqi nəticə etibarı ilə dövlət əmlakının daha səmərəli istifadəsinə və bu istiqamətdə dövlət büdcəsinə daxilolmaların artmasına səbəb olacaqdır.