Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Bakı, 28 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə martın 10-da təşkil olunacaq. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat martın 10-u saat 9:00-da başa çatacaq. Qeydiyyat üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Xatırladaq ki, sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanların eyni test tapşırıqlarından istifadə ediləcək.