ELM VƏ TƏHSİL
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanın nəticələri açıqlanıb
Bakı, 15 may, AZƏRTAC
Mayın 14-də Dövlət İmtahan Mərkəzi (DİM) kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər imtahan nəticələri ilə Mərkəzin saytındakı link vasitəsilə tanış ola bilərlər.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 242 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən BB1 altqrupu üzrə 22, BB2 altqrupu üzrə 48, BB3 altqrupu üzrə 52, BB4 altqrupu üzrə 54 nəfər olmaqla, ümumilikdə 176 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İmtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 16-sı saat 10:00-dan mayın 18-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.