DÖVLƏT QULLUĞUNDA İSLAHATLAR ÜZRƏ NƏŞRLƏR SİLSİLƏSİNDƏN YENİ KİTAB
2003-cü ilin sonunda Avropa İttifaqının dəstəyi ilə Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə TACİS layihəsinin maliyyə yardımı ilə “Dövlət qulluğu məsələlərinə dair normativ hüquqi aktlar” kitabının çapdan çıxması dövlət qulluqçuları və bütövlükdə respublika ictimaiyyəti üçün gözəl töhfə oldu.
Dövlət qulluğu sahəsində islahatların cəmiyyətdə aktual mövzu olduğu nəzərə alınaraq, bu günlərdə Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycanda dövlət qulluğu və yeni əsrin tələbləri” adlı kitabı çapdan buraxılmışdır. Kitabda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan, onun tətbiqi mexanizmindən, dövlət qulluqçularının həmin qanunla müəyyən edilmiş hüquq və vəzifələrindən, müasir dövrdə onların qarşısında qoyulan tələblərdən, dövlət qulluğu sahəsində xarici ölkələrin təcrübəsindən və başqa məsələlərdən söhbət açılır.
Kitabda konkret olaraq toxunulan məsələlərin aktuallığı diqqəti cəlb edir. Müəllif dövlət qulluğunun, əslində, Vətənə və millətə xidmət vasitəsi olduğunu ön plana çəkir, yeni əsrin dövlət qulluqçusunun səciyyəvi xüsusiyyətlərini, dövlət qulluqçusunun əməyinin necə dəyərləndirilməsini, qanuna uyğun olaraq dövlət qulluqçusu üçün müəyyən edilmiş sınaq müddətini onun üçün həyata vəsiqə olmasını, dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulun bu gün üçün ən düzgün seçim yolu olduğunu, habelə dövlət qulluqçusunun hüquqi müdafiəsinin necə təşkil edildiyini müvafiq normativ hüquqi aktlar əsasında təhlil edir, “İnzibati və yardımçı vəzifələrin Təsnifat toplusu”nun təsdiq edilməsi ilə dövlət qulluğunun təşkilində yeni mərhələnin başlandığını göstərir.
Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə Avropa İttifaqının TACİS layihəsinin rəhbəri cənab Ronald G.Yanq kitaba “Ön söz” yazmışdır. O, layihənin məqsədinin əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun icra olunması strategiyasının həyata keçirilməsinə, bu məqsədlə dövlət qulluğu sahəsində kadrların mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasına, müxtəlif təlim materiallarının hazırlanmasına yardım göstərmək olduğunu bildirir və gələcəkdə dövlət qulluğu sahəsində Azərbaycanda görüləcək işlərin perspektivlərini açıqlayır.
Kitabın əvvəlində verilmiş “Müəllifdən” adlı qeydlərində isə S.İsmayılov respublikamızda dövlət qulluğu sahəsində aparılan islahatlara bir daha nəzər salır və bildirir ki, kitabda əksini tapmış məsələlər dövlət qulluğunun bütün sahələrini və problemlərini əhatə etməsə də, o, dövlət qulluğunda çalışanlar, özünü bu çətin və şərəfli işə həsr etmək istəyən gənclər üçün müəyyən maraq doğuracaq, bəzi məsələlərin öyrənilməsində onlara kömək edəcəkdir.
Kitab Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə Avropa İttifaqının TACİS layihəsi tərəfindən maliyyələşdirilmişdir, kommersiya məqsədi daşımır və oxuculara pulsuz paylanacaqdır.