Dövlət Statistika Komitəsi ilə BMT arasında əməkdaşlıq əlaqələri genişləndirilir
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə son illər ərzində Dövlət Statistika Komitəsi ilə BMT qurumları arasındakı əməkdaşlıqdan danışılıb, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, “Azərbaycan kontekstində Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumatların dezaqreqasiyası” mövzusunda beynəlxalq seminarın təşkilinin, BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin hazırlanmasının ölkə statistikasının inkişafı istiqamətində mühüm addımlardan olduğu bildirilib.
Səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirərək BMT-Azərbaycan münasibətlərinin səmərəli əməkdaşlıq ruhunda qurulduğunu və DSK-nın BMT-nin əsas tərəfdaşlarından biri olduğunu qeyd edən xanım Vladanka Andreyeva bütün təşəbbüslərdə Dövlət Statistika Komitəsini dəstəkləyəcəyini bəyan edib.