Dövlət Teatr Muzeyində “İstiqlalımızın təməli” adlı tədbir keçirilib
Bakı, 28 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May - Respublika Gününə həsr olunmuş “İstiqlalımızın təməli” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.
Muzeyin əməkdaşı Suğra Ələkbərli “Cümhuriyyət və mədəniyyət” mövzusunda məruzə ilə çıxış edərək, Demokratik Cümhuriyyətin yaranma tarixi, fəaliyyəti, müstəqil Azərbaycan dövlətinin inkişafı, dünya miqyasındakı mövqeyi barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin vokalisti və pianisti Əli Vahidov və onun tələbəsi Səbuhi İbrahimovun ifasında Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, “Azərbaycanım" musiqi nümunələri səsləndirilib. Şuşa Musiqi Kollecinin konsertmeysteri Çinarə Səmədovanın müşayiəti ilə Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Ramil Rəhimli “Sarı gəlin” və “Laçın” Azərbaycan xalq mahnılarını və Aygün Səmədzadənin “Azərbaycan” mahnısını ifa edib. “Harmoniya Akademiyası” - tədris mərkəzinin müəllimləri Əmrah Musayev və Əsmər Behbudovanın ifasında müəllifi olduğu “Odlar Yurdumsan” mahnısı səsləndirilib.
Tədbir çərçivəsində VL studio rəqs qrupu səhnədə “Azərbaycan”, “Üzümçülər”, “İncəlik” rəqsləri ilə çıxış ediblər. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs magistri Rəhimə Qurbanovanın müşayiəti ilə Əli Vahidov Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operasından Mərdanın ariyasını səsləndirib. Əli Vahidov pianoda, eyni zamanda, öz bəstəsi olan “Dəniz” adlı fortepiano üçün prelyudiya əsərini də ifa edib.
Daha sonra qonaqlar Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Humay Kəlbiyevanın ifasında “Torpağın səsi” mahnısını dinləyiblər.
Konsert proqramının son nömrəsi olan VL studio rəqs qrupunun müşayiəti ilə Azərbaycan Dövlət Şuşa Musiqili Teatrının “Şuşanın səsi” ansamblının bədii rəhbəri və solisti Yaşar Muradovun ifasında “Yaşa mənim xalqım” mahnısı da tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda VL studio rəqs qrupunun bədii rəhbəri Vəfa Musayevaya muzeyin rəhbərliyi adından təşəkkürnamə təqdim olunub və iştirakçılarla xatirə şəkli çəkdirilib.
Tədbir COV:D -19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.