CƏMİYYƏT
“DÖVLƏT VƏ DİN” İCTİMAİ FİKİR TOPLUSUNUN YENİ SAYI ÇAPDAN ÇIXMIŞDIR
Bakı, 25 avqust (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun cari ildə 4-cü sayı işıq üzü görmüşdür.
Toplunun ənənəvi “Cəmiyyət və din” bölməsində Fərid Ələkbərlinin “Humanizm nəzəriyyəsinin dini-fəlsəfi aspektləri”, Ceyhun Məmmədovun “Dini maarifləndirmənin aparılmasında informasiya texnologiyalarının rolu”, Vasif Sadıqlının “Harut və Marut”, Anar Turanın “Azərbaycanın dövlət rəmzləri, onların mahiyyəti və tərbiyəvi əhəmiyyəti”, Tərxan Paşazadənin “Qloballaşma prosesi” və s. yazılar yer almışdır.
“Azərbaycan gerçəkliyi” adlı bölmədə oxucular qədim Bakının tarixinə ekskursiya edəcək, Azərbaycanda xristianlığın yayılması ilə bağlı və digər məlumatları əldə edə biləcəklər. Bu rubrika altında “Sovet hakimiyyəti dövründə Azərbaycanda dini və milli bayramlara münasibət”, “Azərbaycanın şimal-qərbində pravoslav kilsələrinin yaranma tarixinə dair” və “Azərbaycanı işğaldan sonra Rusiyanın islama münasibəti” başlıqlı məqalələr də dərc edilmişdir.
Toplunun “İslam həqiqətləri” bölməsində Könül Bünyadzadənin “İslam fəlsəfəsinin ən yeni tarixi: modernistlər və islahatçılar”, Aydın Əlizadənin “İslam ilahiyyatında nəsx və mənsux anlayışı”, Sevda Hüseynovanın “İslam mədəniyyətində xəttatlıq sənəti”, Sadiq Mirzəyevin “İslam inanc sistemində iman şərtləri”, Vüqar Hümmətovun “Müqəddəs Ramazan” və s. yazılar dərc edilmişdir.
“Əsrlər və şəxsiyyətlər” bölümündə oxucular Əhdi-Ətiq (Tövrat) və Qurani-Kərimin inqilabçı yazıçı Con Miltonun yaradıcılığına təsiri və İbn əl-Ərəbinin əsərlərinin qədim nüsxələri mövzularına həsr olunmuş yazılarla tanış olacaqlar. Sevinc Rəhnullanın “İbn Hacər Şihabəddin əl-Əsqalani”, Yeganə Rəhnullanın “Abdulvahhab Şəarani ibn Əhməd”, Namiq Zeynəddinin “Cəmaləddin Əfqaninin həyat və yaradıcılığı” yazıları da maraqlıdır.
“Abidələr” bölməsində “Nuh türbəsi” və “Qazqulu müsəlman qəbiristanında epiqrafik tədqiqatlar” başlıqlı iki məqalə dərc olunmuşdur.
Oxucular, həmçinin Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniyanın Lordlar Palatasının və Azərbaycanın İngiltərədəki səfirliyinin dəstəyi ilə Londonda “Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli” mövzusunda keçirilmiş konfrans, eləcə də Astanada “Dözümlülük və ayrı-seçkiliyə yol verilməməli” mövzusunda təşkil olunmuş beynəlxalq tədbir barədə məlumat ala biləcəklər.
“Dövlət və Din”in bu sayında da ənənəvi olaraq dini terminlərin izahlı lüğətinin davamı dərc edilmişdir.
“İcma siyahıları” bölməsində təkrar və ilkin qeydiyyatdan keçmiş dini icmaların siyahısının davamı verilmişdir.
######