Dövlət Yanğın Nəzarəti Xidməti Penitensiar Xidmətdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib
Bakı, 7 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) martın 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov qurumun müəssisələrinin bu gün müasir tələblər səviyyəsində yenidən qurulduğunu, beynəlxalq standartlara uyğunlaşdırıldığını, məhkumların təhlükəsiz şəraitdə saxlanması istiqamətində məqsədyönlü iş aparıldığını qeyd edib. O, yanğın təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin vacibliyini, Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə iş fəaliyyətinin uğurlu və səmərəli olduğunu deyib.
Çıxış edənlər mühüm mühafizə obyektləri sayılan Penitensiar Xidmətin müəssisələrində son illər yanğın təhlükəsizliyi ilə bağlı aparılan tədbirlərdən, elektrik və qaz təsərrüfatından istifadə zamanı normativ sənədlərin tələblərinə riayət olunmasından, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyətindən, müasir ilkin yanğınsöndürən vasitələrlə (odsöndürən şarlarla) təchiz edilməsindən, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının əhəmiyyətindən danışıblar. Həmçinin şəxsi heyətin və xüsusi kontingentin fövqəladə hallar zamanı davranış qaydaları, həyata keçirilməsi zəruri olan təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
Tədbirdə DYNX-nin ilə Penitensiar Xidmətin əməkdaşlarının yanğın təhlükəsizliyinin qorunmasında birgə səylərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonda iştirakçılara yanğın təhlükəsizliyinə dair bukletlər, kitabçalar və plakatlar paylanıb.