CƏMİYYƏT
Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib








Bakı, 18 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər və cari il üçün qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.
Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti Yusif Nəbiyev baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsinin, hadisələrə çevik reaksiyavermənin, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili məsələlərindən danışıb.
Sonra Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi Seymur Qaraşov Xidmətdə nizam-intizamın, şəxsi heyətin peşə və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasının vacibliyindən bəhs edib.
Çıxışlarda bildirilib ki, ötən il respublikanın şəhər və rayonlarında yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğın hadisələrinin operativ qaydada qarşısının alınması üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülüb. Döyüş hesabında olan texnika və vasitələrin sazlığının daim diqqətdə saxlanılmasının Xidmətin təşkili üçün zəruriliyi də vurğulanıb.
Müşavirədə 2025-ci ildə də xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.