DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib





Bakı, 13 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışıb və həmin qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu bildiriblər.
Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, Ulu Öndərin uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən xilas olunduğu, ordu quruculuğunun, dövlət institutlarının möhkəmləndirilməsinin və iqtisadi islahatların uğurla həyata keçirildiyi qeyd edilib.
Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Prezidentin qətiyyəti, strateji baxışı və müdrik rəhbərliyi sayəsində ölkəmiz bu gün müasir dövrün bütün çağırışlarına uğurla cavab verir.
Tədbirdə şəxsi heyətə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb və Milli Qurtuluş Gününə həsr edilmiş film nümayiş olunub.