DSX-nin Akademiyası və Xüsusi Məktəbində Novruz bayramı qeyd edilib
Bakı, 18 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası və Xüsusi Məktəbində Novruz bayramı ilə əlaqədar təntənəli tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Bayram tədbirində çıxış edənlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın çağırışı olduğunu qeyd ediblər.
Keçirilən tədbirlərdə Xətai və Xəzər rayon “Mədəniyyət mərkəzinin” özfəaliyyət dərnəyinin kollektivi ilə birlikdə kursantlar, şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları və keçirilən yarışların qalibləri fəxri fərman və diplomlarla mükafatlandırılıblar.