DSX-nin Xüsusi Məktəbində zəruri biliklərə malik, vətənpərvər və ixtisaslı zabit kadrlar hazırlanır
Bakı, 15 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinə yeni qəbul olunmuş 5-ci sinif kursantların və valideynlərinin qarşılanması münasibətilə tədbir keçirilib.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı kursantlara və valideynlərə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış və Prezident İlham Əliyev tərəfindən xüsusi təyinatlı tədris müəssisəsi statusu verilmiş bu tədris ocağı haqqında məlumat verilib, zəngin ədəbiyyat fonduna malik kitabxana, ən yüksək səviyyədə qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sisteminin formalaşması vurğulanıb.
DSX-nin Xüsusi Məktəbində kursantların maraq və potensial imkanları, fərdi xü¬susiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə, milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Kursantların idmanla məşğul olmaları üçün idman kompleksində müasir idman avadanlıqları və mövcud olan müasir səviyyədə su hovuzu iştirakçılara nümayiş etdirilib.
Bütün kompleks üzrə videomüşahidə sisteminin mövcud olması sayəsində tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanıldığı, kur¬santların asudə vaxtlarının faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanların olduğu xüsusi qeyd edilib.
Bundan başqa, kursantların atıcılıq hazırlığı ilə məşğul olmaları, paintball və digər idman meydançalarının da onların ixtiyarında olduğu bildirilib.