İQTİSADİYYAT
DÜNYA BANKININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLƏCƏK
Bu həftə Azərbaycanın hökumət və maliyyə qurumları nümayəndələrinin Dünya Bankının dörd heyəti ilə görüşü keçiriləcəkdir.
DB-nin Azərbaycandakı ofisində AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verərək bildirmişlər ki, onlardan birincisi - 1999-cu ildən həyata keçirilən və Qafqaz ölkələri üzrə aparıcı iqtisadçı Cudi Dinin başcılıq etdiyi “Yenidənqurmanın təcrübi layihəsi” üzrə nümayəndə heyəti artıq Bakıdadır.
Fevralın 5-də səhiyyə sahəsində layihə üzrə mütəxəssislər Rəsul Bağırov və Antonio Lildən ibarət heyətin səfəri gözlənilir. Səfərdən məqsəd layihənin həyata keçirilməsinin gedişinə nəzarət etmək və müvafiq icmal hazırlamaqdır. Təhsil sahəsində yeni layihəni identikləşdirmək və həyata keçirilməsi müddəti cari ilin dekabrında bitəcək əvvəlki layihə üzrə icmal hazırlamaq üçün bankın aparıcı iqtisadçıları Xəlil Dundar və Helen Şəhriyaridən ibarət nümayəndə heyəti də elə həmin gün Bakıya gələcəkdir.
DB-nin Azərbaycan üzrə aparıcı iqtisadçısı Nikola Matyunun başçılıq etdiyi dördüncü nümayəndə heyətinin səfəri ölkəmiz üçün daha əhəmiyyətli olacaqdır. Belə ki, 2003-2005-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılmasına və ölkəmizə yardıma dair strategiya haqqında əsas sənədi məhz bu nümayəndə heyəti işləyib hazırlayacaqdır. Xatırladaq ki, Aralıq sənədi Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə Azərbaycan hökuməti hazırlamışdır.