DÜNYA İNFORMASİYA CƏMİYYƏTİ GÜNÜ QEYD EDİLMİŞDİR
İştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, abidəsi önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də yad edilmiş, məzarı üzərinə gül-çiçək düzülmüşdür.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İnformasiya cəmiyyətinin qurulması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir” adlı məruzəsində informasiya cəmiyyətinin məqsədindən danışmış, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. O, bu sahədə qəbul olunan sərəncamlar, qanunlar və dövlət proqramlarının əhəmiyyətini vurğulamış, ölkədə elektron sənəd dövriyyəsinin yaradıldığını, informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün əlverişli şəraitin olduğunu bildirmişdir.
Nazir Azərbaycan elmi və təhsilinin səviyyəsinin dünya standartlarının tələblərinə uyğunlaşdırılmasında, milli kadrların inkişaf etmiş dövlətlərin aparıcı elmi tədqiqat və təhsil mərkəzlərinin qabaqcıl təcrübəsindən və potensialından istifadə etməsində “Virtual ipək yolu” layihəsinin müstəsna rolunu qeyd etmişdir.
Sonra AMEA-nın prezidenti akademik Mahmud Kərimov “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan elminin vəzifələri və inkişaf perspektivləri”, təhsil naziri Misir Mərdanov “Təhsildə informasiya texnologiyalarının rolu”, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev “Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişafı” mövzularında məruzələr etmişlər.
Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Dövlət Universiteti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Bakı şəhəri orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş olimpiadanın qaliblərinə diplom və pul mükafatı təqdim olunmuşdur.