Dünya və Avropa çempionu Fərid Mayılov: Azərbaycan idmanının uğurlarında payımın olması məni çox sevindirir
Bakı, 2 iyun (AZƏRTAC). Azərbaycanda dinamik inkişaf özünü bütün sahələrdə, o cümlədən idmanda da göstərir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana diqqət və qayğı siyasətini hazırda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev uğurla davam etdirir. Bu qayğının nəticəsidir ki, hazırda respublikamızda 31 olimpiya-idman kompleksi fəaliyyət göstərir, bir neçə idman qurğusunun isə tikintisi davam etdirilir. Ötən il Azərbaycan idmançıları mötəbər yarışlarda 675 medal qazanmışlar.
Beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə təmsil edən Azərbaycan idmançıları həmişə dövlət qayğısını hiss edir və bu diqqət qələbəyə aparan yolda əsas stimuldur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində kunq-fu sanda idman növü üzrə dördqat dünya və birqat Avropa çempionu, ikiqat dünya kuboku yarışlarının qalibi Fərid Mayılov bildirmişdir.
Azərbaycan idmançıları üçün yaradılan şəraiti yüksək qiymətləndirən F.Mayılov artıq respublikamızın idman ölkəsinə çevrildiyini söyləmişdir. Qazandığı uğurlardan danışan idmançı demişdir: “Bu il mayın 21-dən 23-dək Bolqarıstanın Albena şəhərində kunq-fu sanda üzrə dünya çempionatında Azərbaycanı layiqincə təmsil etdim. 40 ölkənin idmançılarının mübarizə apardığı yarışda bütün rəqiblərimdən üstün olaraq Azərbaycanın bayrağını arenada dalğalandırmağı bacardım. Final qarşılaşmasında ayağımdan zədələnməyimə baxmayaraq, rumıniyalı rəqibimi məğlub etməyi qarşıma məqsəd qoydum. Çox sevinirəm ki, sonda Azərbaycanın dövlət himni səsləndirildi”.
Sonuncu mundialda Azərbaycan yığmasının 5 qızıl, 2 gümüş medal qazandığını bildirən həmsöhbətimiz yarışda millimizin ümumi komanda hesabında birinci yeri tutduğunu vurğulamışdır. F.Mayılov demişdir ki, 2006-cı ildə Braziliyada, bir il sonra Portuqaliyada və 2009-cu ildə isə Bolqarıstanda təşkil olunan dünya çempionatlarında da inamlı oyun nümayiş etdirib qızıl medallara sahib oldum. 2005-ci ildə İranda, 2008-ci ildə Azərbaycanda Dünya kuboku yarışlarının birincisi olmuş, Portuqaliyada keçirilmiş Avropa çempionatında isə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Hər qələbəmdən sonra Azərbaycanın üçrəngli bayrağının dalğalanması və ölkəmizin himninin səslənməsi məndə qürur hissi doğurur.
2002-ci ildən idmanla məşğul olduğunu bildirən F.Mayılov şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin qayğısını həmişə hiss etdiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan idmançılarının qazandığı nailiyyətlərin qiymətləndirilməsi məni çox sevindirir. Dövlətimizin başçısının idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər layiqli bəhrəsini verir. 2010-cu ilin yekunlarına görə, Azərbaycan Prezidenti bir neçə idmançı ilə bərabər məni də mənzillə mükafatlandırmışdır.
Ölkəmizdə olimpiya və qeyri-olimpiya idman növlərinə fərq qoyulmadığını deyən F.Mayılov hazırda bu ilin noyabrında Portuqaliyada keçiriləcək Avropa çempionatına hazırlaşdıqlarını bildirmişdir. O vurğulamışdır ki, təmsil etdiyi idman növü təkcə paytaxtda deyil, regionlarda da uğurla inkişaf edir. Qeyd etmişdir ki, hazırda gənclərdən ibarət yığma komandanın baş məşqçisinin köməkçisi vəzifəsində çalışıram. İstedadlı uşaqların yetişdiyini görürəm, əminəm ki, bu idmançılar ölkəmizin idman tarixində layiqli iz qoyacaqlar. Mənim yetirməm Mustafa Məmmədzadənin uğurlarından danışa bilərəm. O, 2009-cu ildə dünya və Avropa çempionatının gümüş, 2010-cu ildə isə Dünya kuboku yarışlarının bürünc medalını qazanmışdır. Məşqçilərimin əməyini qeyd etmək istəyirəm. Kunq-fu sanda idman növünün sirlərini Babək Əliyev və Vüsal Tağıyevdən öyrənmişəm.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat-imtahan şöbəsinin operatoru, polis-serjantı F.Mayılov hazırda Polis Akademiyasının beşinci kurs dinləyicisi olduğunu bildirmişdir. O demişdir: “Mənə yaratdığı imkana görə BDYPİ-nin rəisi Ramiz Zeynalova da öz təşəkkürümü bildirirəm. Azərbaycan idmanının uğurlarında payımın olması məni çox sevindirir. Ölkəmizdə yeni idmançıların yetişməsi üçün çox gözəl şərait vardır. Tikilən yeni idman qurğuları gənclərimizin asudə vaxtlarının səmərəli təşkili istiqamətində çox vacib addımlardır”.
######
