Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək mənim üçün çox dəyərli təcrübədir. Burada müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanların bir araya gələrək dayanıqlı şəhərlərin inkişafı ilə bağlı ideyalar paylaşması xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Misirdən olan və Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan xarici tələbə Mohamed Laşin bildirib.
Mohamed Laşin qeyd edib ki, forumun ilk günü onda çox müsbət təəssürat yaradıb və tədbirdə iştirakdan qürur duyur.
“Tədbir çərçivəsində çoxlu yeni ideyalar əldə etdik. Müxtəlif ölkələr arasında əməkdaşlıq, təcrübə mübadiləsi şəhərsalma və dayanıqlı inkişaf sahəsində yeni yanaşmaların formalaşmasına imkan yaradır”, – deyə o vurğulayıb.
Mohamed Laşin forumda qazandığı bilik və təcrübələri gələcəkdə öz icmasında tətbiq etmək istədiyini bildirib.
Misirli tələbə Azərbaycanın onda xoş təəssürat yaratdığını da qeyd edib. O, ölkənin gözəl, insanların isə qonaqpərvər olduğunu deyərək, Bakıda keçirilən WUF13-də iştirak etməkdən məmnunluğunu ifadə edib.