WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışılıb
Bakı, 22 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qoşulmama Hərəkatı Gənclər təşkilatı tərəfindən təşkil olunan "Şəhərlərin təhlükəsiz bərpasında minatəmizləmə fəaliyyətinin rolu" adlı paneldə çıxış edib.
AZƏRTAC xəbər verir ki, sədr müavini mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz məskunlaşma və dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin geri qayıdışı ilə bağlı məsələləri daim diqqətdə saxladığı və bu sahədə verdiyi tapşırıqların ardıcıllıqla icra olunduğunu bildirilib.
Diqqətə çatdırılıb ki, bərpa edilən və yenidən qurulan yaşayış məntəqələrinə geri qayıdan məcburi köçkünlərin rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsi də prioritetdir. Ərazilərimizin işğal altında olduğu dövrdə hətta hərbi təyinatlı olmayan ərazilərin minalarla çirkləndirilməsi, Vətən müharibəsindən sonra qazanılan tarixi Zəfərdən sonra dəqiq mina xəritələrinin Azərbaycana verilməməsi Böyük Qayıdış prosesini ləngidir. Eyni zamanda, minaların mövcudluğu doğma yurdlarına qayıdan məcburi köçkünlərin, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrində çalışan müxtəlif peşə sahiblərinin həyatı və sağlamlığı üçün təhlükə yaradır.
Bildirilib ki, mina təhlükəsinə qarşı maarifləndirməni təmin etmək üçün Dövlət Komitəsi aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə iş görür. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Niderlandın Mine Mark Fondu ilə birgə keçirilən təlimlər müxtəlif yaş və peşə sahibi olan məcburi köçkünlərin maarifləndirməsinə xidmət edir. Bu sahədə həyata keçirilən fəaliyyətlə minlərlə məcburi köçkünün maarifləndirilməsinə nail olunub. Eləcə də, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, təbliğat-təşviqat işləri çərçivəsində hazırlanan sosial çarxlardan 9-u mina təhlükəsinə həsr olunub. Həmin materialların media və sosial şəbəkələrdə, eyni zamanda, məcburi köçkünlərlə keçirilən maarifləndirici görüşlərdə mütəmadi olaraq yayımı təmin edilir.
Panel çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, humanitar çağırışlar və gənclərin beynəlxalq təşəbbüslərdə rolu ilə bağlı fikir mübadiləsi aparılıb.