Düşmən hücumlarına illərdir sinə gərən Ağdam kəndi və onun qorxubilməz sakinləri
Gəncə, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC
Ağdam kəndi Tovuzun düşmənlə sərhəddə yerləşən, 1300 sakini olan kiçik, lakin qəhrəman kənddir. Kəndin girişindəki şəhidlər məzarlığı onun qəhrəmanlıq tarixindən xəbər verir. Hələ Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını almış üç tovuzludan biri - Yusif Sadıqov bu kənddəndir. Ötən əsrin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi yenicə qızışanda kəndin əli silah tutan bütün kişiləri mülki geyimlərini əsgər paltarı ilə əvəzləyib, mənfur düşmənə qarşı mərdliklə vuruşmuşdular. Tovuzun Azərbaycanın Milli Qəhrəmanı adını almış iki şəhidindən biri - Naiq Yusifov da bu kəndin yetirməsidir. Qarabağ uğrunda gedən döyüşlərdə sinəsini düşmənə qarşı sipər edən bu qəhrəman oğulların sayəsində Azərbaycan bayrağı respublikamızın qərb bölgəsində ilk dəfə 1991-ci ilin dekabrında, məhz buradakı sərhəd zastavasında qaldırılmışdı. Beləcə illərdir ki, səhərlərini atəş səsləri ilə açan, qorxubilməz kənd sakinləri həmişə öz torpaqları uğrunda mərdliklə döyüşüb, bir addım da geri çəkilməyiblər.
AZƏRTAC-ın bölgə müxbiri dağlar qoynunda yerləşən Ağdam kəndinin iyulun 12-dəki yaşantılarını qələmə alıb.
Bu dağlardakı Qaraqaya və digər yüksəkliklər Ağdamı düşməndən ayıran və təbii istinadgah rolunu oynayan əsas strateji nöqtələrdir. Onların Azərbaycan ordusunun nəzarətində olması nəinki Ağdamın və yaxınlıqdakı kəndlərin, mühüm obyektlərin, eləcə də ümumilikdə bu bölgənin təhlükəsizliyini təmin etməyə imkan verir.
İyulun 12-si səhər Ağdam kəndinin sakinləri üçün adi günlərdən biri kimi açılmışdı. Kənddən görünən bu dağlardakı postlarda Azərbaycan ordusu Vətənin keşiyini çəkir, kəndin ən azyaşlı sakini altı aylıq Məhəmməd hələ beşiyində şirin yuxuda yatır, kənd ağsaqqalı, 76 yaşlı Əziz kişi isə bütün kənd sakinləri kimi həyət-baca işləri ilə məşğul olurdu. Hərbçi Elşad Məmmədovun atası Dönməz kişi adəti üzrə hər səhər olduğu kimi bu dəfə də həyətdəki dama qalxıb, Qaraqayada xidmət edən oğlu Elşadın keşik çəkdiyi posta qürurla baxır, ürəyində oğlu ilə danışır, onun hündür, məğrur görkəmi, hərbçi cəsarəti ilə fəxr edirdi.
Elşad hərbçi olduğundan o, evə tez-tez gələ bilmirdi. Gələndə də yenicə doğulmuş oğlu Məhəmmədi bağrına basır, döyüş yoldaşlarından, komandirindən ürəkdolusu maraqlı söhbətlər edir və deyirdi: “Ata, general məni bilirsən necə çox istəyir? Komandir deyir ki, Elşad, nə qədər ki, postda sən varsan, düşmən ora yaxın düşə bilməz”. Bu səhər də Dönməz kişi qəlbini oğlunun xoş xatirələri ilə ovundurub damdan aşağı endi.
Amma kim bilərdi ki, cəmi bir neçə saatdan sonra Ağdam kəndində nələr yaşanacaq və bundan sonra daha heç bir şey nə Məhəmmədovlar, nə də Əzizovların ailəsi üçün əvvəlki kimi olmayacaq.
Həmin gün düşmən təxribatı bu kəndin, bu ailələrin sakit həyatını alt-üst etdi. Öz məkrli planları üçün həmişə fürsət gözləyən Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarından etibarən Azərbaycan Ordusunun bu dağlardakı postlarını ələ keçirmək üçün təxribata əl ataraq mövqelərimizi ağır artilleriyadan atəşə tutmağa başladılar. Azərbaycan Ordusunun qüdrəti sayəsində məkrli niyyətinə çata bilməyən düşmən kəndləri hədəfə aldı. Top mərmiləri kəndə, həyət-bacaya düşür, evləri dağıdırdı.
Yenə də evinin damına qalxan Dönməz kişi qarşıdakı dağlarda gedən döyüşü izləyir, böyük narahatlıqla oğlu Elşadın xidmət etdiyi postdan gözünü çəkmirdi. Hər yandan atılan top mərmiləri ətrafda sanki fırtına qoparır, yeri-göyü titrədirdi. Qarşıdakı yüksəkliklər toz-dumandan görünməz olmuşdu. Artıq bir neçə saat idi ki, Azərbaycan Ordusu öz mövqelərini düşmən hücumundan qətiyyətlə qoruyur, erməni tərəfinin təxribatının qarşısını mərdliklə alırdı.
Düşmənin atdığı hər top mərmisini qəlbinin dərinliyində hiss edən Dönməz kişi böyük həyəcanla bu döyüşün bitməsini gözləyirdi. Lakin atəş səsləri kəsilmək bilmirdi. Düşmənin dağlar arxasından atdığı mərmilərdən biri Elşadın xidmət etdiyi posta düşdü. Bu, Dönməz kişi üçün ümidin tükəndiyi an idi. Bir anlıq varlığı sarsılan, gözlərinə qaranlıq çökən ata ayaqları titrəyə-titrəyə dinməzcə evə döndü. Nuriyə anaya, Elşadın bacısına və yoldaşına təsəlli vermək üçün son cəsarətini topladı. Sonra isə “Ay Nuriyə, qorxma, sən bilirsən ki, dörd erməni gədəsi, bizim Elşadın heç bir qolunu bükə bilməz”, - deyib, baxışlarını gizlətmək üçün üzünü yana çevirdi.
Bir neçə saatdan sonra ailəyə zəng gəldi. Telefonla əvvəlcə Elşadın yaralandığını xəbər verdilər. Axşama yaxın məlum oldu ki, ailənin tək oğul övladı, 24 yaşlı Elşad Məmmədov düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Həmin gün Bakıdakı övladları və nəvələri ilə telefonla danışan Əziz kişi onlara da təskinlik verib, həyətə düşmək istədi. Doğmaları ona belə bir vəziyyətdə kənddə qalmağın təhlükəli olduğunu desələr də, Əziz kişi öz evindən, kəndindən heç yana çıxmayacağını söylədi. Hər üç qız övladı ataları üçün böyük həyəcan keçirirdilər. Səhər saat 8:43 radələrində Əziz kişinin öz adını verdiyi nəvəsi ilə telefon danışığı sonuncu oldu. İki dəqiqə sonra həyətə düşən mərminin qəlpələri dəmir darvazanı, evin divarlarını və pəncərələrini qopardı. Elə bu vaxtı qapının kandarında olan Əziz Əzizov aldığı çoxsaylı qəlpə yaralarından yerindəcə həlak oldu.
İyulun 13-də dəniz kimi coşan izdiham mərmi yağışı altında “Ya Qarabağ, ya ölüm”, “İgidlər ölməz, Vətən bölünməz” nidaları ilə Elşad Məmmədovu şəhidlər məzarlığında, atası Əziz kişini isə kənd qəbiristanlığında son mənzilə yola saldılar.
Hamının göz yaşlarına boğulduğu, dərdli ananın, bədbəxt qız-gəlinin şəhid cənazəsi üstə fəryad qopardığı bu izdihamın içərisində hər şeydən xəbərsiz təkcə Məhəmməd idi. Qucaqdan-qucağa ötürülən, öpülən, oxşanan, əzizlənən bu körpə bilmirdi ki, bundan sonra isti ata qucağı onun üçün bir də heç vaxt açılmayacaq.