Əbdüləziz Xamrəliyev: Xəzər Neft və Qaz Sərgisi əlaqələr qurmaq üçün gözəl fürsətdir
Bakı, 3 iyun, AZƏRTAC
Özbəkistanın “Diz Energo” şirkəti yüngül neft məhsullarının topdansatışı üzrə ixtisaslaşıb. Bakıya ilk dəfədir ki, gəlirəm. Mən Özbəkistana yeni neft məhsulları tədarükçüləri axtarıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iştirakçısı, “Diz Energo” şirkətinin satış meneceri Əbdüləziz Xamrəliyev deyib.
Ə.Xamrəliyev bildirib ki, icarə xərclərini minimuma endirmək üçün şirkət Özbəkistanda neft bazası tikir: “Bu layihə üçün biz həm də Xəzər Neft və Qaz sərgisində lazımi avadanlıqlar axtarırıq və artıq iki iştirakçı şirkətlə əlaqələr qurulub. Sərgi bu baxımdan əlaqələr qurmaq üçün gözəl bir fürsətdir”.
Sərginin yüksək səviyyədə təşkil edildiyini söyləyən Ə.Xamrəliyev bütün stendlərin ağıllı şəkildə sektorlara və istiqamətlərə bölündüyünü və bunun sərgi iştirakçıları üçün rahat olduğunu qeyd edib: “Ümid edirik ki, gələn il geri qayıdacağıq. Mən neft emalı zavodlarının nümayəndələrini daha çox görmək istərdim. Bu gün belə görünürdü ki, öz məhsullarını təklif edən brendlər kifayət etmir. Neft ticarəti ilə məşğul olanların stendləri də maraqlı olardı”.