Ədəbiyyat İnstitutunun əməkdaşları Ümummilli Liderə həsr olunan beynəlxalq konfransda məruzələrlə çıxış ediblər
Bakı, 8 may, AZƏRTAC
Bakı Slavyan Universitetində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yeni dövrün Azərbaycanı” XVII beynəlxalq elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi “Yeni dövrün Azərbaycanı” mövzusu çərçivəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini, milli kimlik modelini, suverenlik fəlsəfəsini və inkişaf strategiyalarını elmi müstəvidə müzakirə etmək olub.
Tədbirdə ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən alim və tədqiqatçılar iştirak ediblər. Konfrans çərçivəsində dövlətçilik ənənələri, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycançılıq ideologiyası, türk xalqları ədəbiyyatı və müasir humanitar elmlərin inkişaf istiqamətlərinə dair məruzələr dinlənilib.
Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşları da fəal iştirak ediblər. Filologiya elmləri doktoru, professor Nizami Məmmədovun (Tağısoy) moderatorluğu ilə keçirilən bölmə iclasında filologiya üzrə fəlsəfə doktoru, dosent Turan Teymurov, Maya Həsənli, Seyidnisə Lətifli, Nərmin Həsənov və doktorant Təranə Allahverdiyeva türk xalqlarının ədəbiyyatı, ortaq ədəbi-mədəni dəyərlər, türkdilli xalqlar arasında ədəbi əlaqələr və qarşılıqlı mədəni təsirlər mövzusunda məruzələrlə çıxış ediblər.
Bölmə iclasında Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına göstərdiyi diqqət, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasət, həmçinin türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi sahəsindəki xidmətləri vurğulanıb.
Konfrans çərçivəsində müxtəlif elm və təhsil müəssisələrinin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, gələcək elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.