Ədəbiyyat Muzeyinin beynəlxalq əlaqələri genişlənir
Bakı, 23 sentyabr, AZƏRTAC
Beynəlxalq Müsəlman Forumunun məsul katibi, ilahiyyat elmləri doktoru Damir Muxetdinovun təklifi ilə Moskvada baş redaktoru olduğu “İslamın minarəsi” beynəlxalq jurnalının yeni sayı bütövlüklə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub.
Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru, “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü Səfa Kərimovun verdiyi məlumata görə, layihəyə Azərbaycan tərəfdən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov rəhbərlik edib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, giriş sözündə Damir Muxetdinov Nizaminin bu gün də Rusiyada sevildiyini, qiymətləndirildiyini və oxunduğunu qeyd edib: “Sankt-Peterburqda, Rusiya Milli Kitabxanasının kolleksiyalarında Nizaminin əsərlərindən ibarət ən qədim əlyazma saxlanılır ki, bu da XIV əsrin ikinci yarısına aiddir. Şəhərin Petroqrad tərəfində isə onun şərəfinə abidə ucaldılıb”.
Akademik Rafael Hüseynov öz tədqiqatında Nizami poetik məktəbinin qlobal əhəmiyyətindən danışıb. Bildirib ki, Gəncədən olan müdrik insanın dahiliyi məhz onun yaradıcılığının gələcəklə dolu olması, poeziyasının sözün hərəkətinin qabaqcadan görməsinə, gələcəyin qurulmasına əsaslanmasından ibarətdir: “Nizamidən əvvəl və sonrakı korifeylərin heç biri belə uzun ardıcıl və tərəfdar, bu qədər uzun ədəbi əks-səda buraxmaq missiyasına malik deyildi”.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “İz” elmi-tədqiqat jurnalının baş redaktoru Dəmir Babazadə-Aranelli “Sonsuz Nizami Gəncəvi” məqaləsində şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının bəşəriyyət üçün aktuallığından bəhs edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli də mühüm araşdırmalarını bölüşüb.
Jurnalda nəşr edilən məqalələr maraqlı məlumatları ehtiva edir. Məqalələr rus, ingilis və ərəb dillərinə tərcümə edilib, həmçinin Azərbaycan dilində müəllif nüsxələri çap edilib. Nəşrin bu sayındakı məqalələr şərqşünaslar, filoloqlar, tarixçilər üçün lazımi mənbə rolunu oynayacaq və Şərq ədəbiyyatını sevənlərə ilk mənbədən maraqlı məlumatlar əldə etmək imkanı qazandıracaq. Tədqiqat işlərinin toplanmasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyeva və jurnalın buraxılış redaktoru, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Xaricdə təhsil şöbəsinin müdiri Rinat İbrahimov böyük rol oynayıb.
Yeni jurnalın ilk nüsxələri Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayının və XX Beynəlxalq Müsəlman Forumunun iştirakçılarına təqdim olunacaq.