Ədliyyə qurumlarında və məhkəmələrdə koronavirusa qarşı profilaktik işlər görülüb
Bakı, 23 noyabr, AZƏRTAC
Ədliyyə Nazirliyi yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə fəal qoşulub. Belə ki, koronavirusun qarşısının alınması ilə bağlı ədliyyə qurumlarında və məhkəmələrdə nazirlik tərəfindən zəruri profilaktik və digər preventiv işlər aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun “Azərbaycan ədliyyəsi xalqımızın şanlı Qələbəsi ilə qürur dolu günlər yaşayır” sərlövhəli məqaləsində qeyd olunub.
Məqalədə vurğulanıb ki, pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması məqsədilə nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılıb. Saytda yeni - “Vətəndaşlar üçün əlaqə”, “İnteraktiv əlaqə” və “KİV üçün əlaqə” bölmələri yaradılıb. İnnovasiyaların tətbiqi genişləndirilərək “Mobil notariat”ın funksionallığı yüksəldilib, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib.
Vətəndaşların müasir İKT-lərin köməyi ilə nazirlikdə videoqəbulu qaydası müəyyənləşdirilib və müxtəlif bölgələrin, o cümlədən Vətən müharibəsi dövründə cəbhəyə yaxın rayonların 250-dək sakini videoformatda qəbul edilib. Habelə nazirliyin icra xidməti tərəfindən borclu şəxslərə aliment və digər icra ödənişlərin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi təmin olunub.
Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılıb, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılıb, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin olunması üçün dövlətimizin başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib.