ƏHALİNİN SU İLƏ TƏMİNATI YAXŞILAŞDIRILIR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev ASC tərəfindən 2007-ci ildə və 2008-ci ilin birinci yarısında həyata keçirilmiş tədbirlərlə əlaqədar mətbuat konfransı keçirmişdir.
N.Rzayev regionların sosial-iqtisadi inkişafı və sahə ilə birbaşa əlaqədar olan digər Dövlət proqramlarına uyğun olaraq əhalinin su ilə təminatı, kanalizasiya xidmətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, əhalinin su təminatını yaxşılaşdırmaq, tullantı sularının axıdılması üçün ötən il 141 kilometrlik su, 130 kilometrlik kanalizasiya xətləri çəkilmişdir. Ümumi həcmi 1700 kubmetr olan 4 su anbarı tikilmiş, 6300 kubmetr həcmi olan anbarlarda isə yenidənqurma işləri aparılmışdır. Doqquz qəbuledici kompleks və 2 nasos stansiyası quraşdırılmış, ümumi həcmi 1000 kubmetr olan 2 çirkab, 5 kanalizasiya su anbarı tikilmişdir.
ASC prezidenti Bakı və şəhərətrafı yaşayış məntəqələrində - Naximov, Şüvəlan və Bibiheybətdə, həmçinin Sumqayıt və Mingəçevir şəhərlərində, Kürdəmir, Şamaxı rayonlarında görülmüş işlər barədə konkret faktlarla məlumat vermişdir. Qeyd etmişdir ki, hesabat dövründə qazılmış 71 artezian quyusu 60-dan çox kəndin əhalisinin su təminatına müsbət təsir göstərmişdir. Görülən işlər və həyata keçirilən tədbirlər su təchizatında sabitliyin təmin olunmasına, itkilərin qarşısının alınmasına, su təchizatı və kanalizasiya sistemində baş verən qəzaların vaxtında aradan qaldırılmasına şərait yaratmışdır. İstehlakçılara göstərilən xidmətin haqqının yığım səviyyəsi aybaay artaraq ilin yekununa görə ümumilikdə 64,5 faiz təşkil etmişdir. Su sayğaclarının quraşdırılmasının xidmət haqqının yığım səviyyəsinə göstərdiyi müsbət təsiri qeyd edən ASC prezidenti bildirmişdir ki, ötən il Bakı şəhəri üzrə abonentlərin 38 faizi, bütünlükdə respublika üzrə isə 26 faizi sayğacla təmin edilmişdir.
N.Rzayev qeyd etmişdir ki, istehlakçılara göstərilən su və kanalizasiya xidmətlərinin səviyyəsinin yüksəldilməsi, xidmət haqqının tam şəkildə yığılması, su sayğaclarının quraşdırılması işinin daha da sürətləndirilməsi, nöqsanların aradan qaldırılması istiqamətində işlər 2008-ci ildə də davam etdirilmişdir.
Ölkə rəhbərliyi tərəfindən “Azərsu” ASC qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edən N.Rzayev bildirmişdir ki, yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə yanaşı, şəhərətrafı qəsəbələrdən dənizə axıdılan çirkab sularının qarşısının alınması və dənizin sahilboyu zonasında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün təmizləyici qurğuların tikilməsi davam etdirilir. Paytaxta yüksək keyfiyyətli içməli suyun verilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi barədə məlumat verən natiq nəzərə çatdırmışdır ki, kəmərin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və ilkin layihələndirilməsi üzrə alman mütəxəssisləri tərəfindən aparılan işlər başa çatmışdır. Tikinti üzrə tenderin qalibi tərəfindən müxtəlif hissələrdə aparılmış işlər nəticəsində 150 kilometrdən artıq boru xətti quraşdırılmışdır. Məhsuldarlığı saniyədə 5 kubmetr olacaq bu layihənin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Asiya İnkişaf Bankı, Almaniyanın KFW Bankı və İsveçrənin SEKO təşkilatı ilə bağlanmış sazişlərə əsasən, Ağdaş, Göyçay, Naxçıvan, Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar işlər artıq həyata keçirilməyə başlanmışdır.
“Azərsu” ASC prezidentinin bildirdiyinə görə, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması və çirkab sularının dənizə axıdılmasının qarşısının alınması məqsədi ilə görülmüş işlər nəticəsində şəhərin mərkəzi hissəsindən dənizə axıdılan kanalizasiya sularının həcmi 100 min kubmetr azaldılmışdır və cari ildə daha 20 ünvanda həmin iş davam etdirilir.
“Kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verən N.Rzayev bildirmişdir ki, Azərbaycan hökuməti, Dünya Bankı, Almaniyanın KFW Bankı, İsveçrənin SEKO təşkilatı və Yaponiyanın Beynəlxalq Bankı tərəfindən maliyyələşdirilməsi planlaşdırılan bu layihənin məqsədi 61 rayon mərkəzində təhlükəsiz, etibarlı, davamlı su və kanalizasiya xidmətlərinin təmin edilməsidir.
Sonda jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
######
