İQTİSADİYYAT
“eherrac.gov.az” portalının təqdimatı keçirilib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri üçün “eherrac.gov.az” portalının təqdimatı keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, qurumun nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri üçün “Elektron Hərrac” sistemi haqqında məlumat verilib. Sistemin layihə rəhbəri Nurlan Həsənli Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə Birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sisteminin yaradılması və pilot layihə olaraq istifadəyə verilməsi haqqında danışaraq hərracların bundan sonra “eherrac.gov.az” portalı üzərindən həyata keçiriləcəyini qeyd edib. Diqqətə çatdırıb ki, yeni sistem şəffaflığın təmin edilməsinə, hərracda insanların rahat və məhdudiyyətsiz iştirakına, o cümlədən uzaqda yaşayanların hərraca qatılmasına şərait yaradacaq, ölkədə əmlak bazarının inkişafına töhfə verəcək.
“Elektron Hərrac”dan yararlanmaq üçün vətəndaş “eherrac.gov.az” portalından “ASAN Login” vasitəsilə sistemə daxil olmalı, iştirak haqqını və depoziti (beh) onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsilə ödəməli, hərrac başladıqdan sonra qalib olmaq üçün təkliflərini irəli sürməlidir. Qalib iştirakçı haqqında sistem protokol tərtib edərək onu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.